Gündəm / Şou

Flora Kərimova: "Bir qadın kimi nakamam" - Müsahibə


Kanal14.az: - Xalq artisti Flora Kərimova ilə müsahibəni təqdim edirik.

- Flora xanım, səhhətiniz necədir, özünüzü necə hiss edirsiniz?

- Hər şey qaydasındadır. Şükür.

- Yaxın aylarda Qarabağa getməyi düşünürsünüz?

- Qızım, şükür ki, hər şey yaxşıdır, müharibə qələbəmizlə qurtardı. İndi torpaqlarımız hiyləgər düşmənimizin minalarıyla doludur. Allah hərbiçilərimizi, minaçılarımızı qorusun. İndi çox adam gedir, yarı yoldan qaytarırlar. Bu gedənlərin təhlükəsizliyi üçündür. Çox istəyirəm gedim. Ancaq narahat getmək istəmirəm. Bu, mənim yaşıma yaraşmaz. Sizin yaşınızda cavanlar səhv edəndə nöqsanı o qədər də çox görünmür. Ancaq mən dünyagörmüş xanımam. Mənim yaşım icazə vermir ki, bildiyim bir qaydanı pozum. Utanaram, mənim üçün ayıb olar. Minalardan təmizlənən kimi Şuşaya gedərəm. Anamın məkanı Şuşadır. Şuşaya çata bilməsəm, qismət olsun Ağdama gedəcəm.

- Bildiyim qədər yeni mahnılarınız var...

- Yeni, gözəl mahnılarım var. Qismət olsun, yavaş-yavaş üzə çıxardacam. Bir az zaman lazımdır.

- Son illər duet oxuduğunuz estrada müğənnilərinə şöhrətin qapısını açdınız. Kəşf elədiyiniz yeni duet ortağınız var?

- Elə müğənnilər var ki, onlarla şəxsi dostluğum var deyə duet oxumuşam. Allah elə bir imkan versin başqa səsləri də üzə çıxardım. Mənim gücüm duet oxumağa çatır, qızım. Onlar tək oxuyanda kanal rəhbərləri onlara həvəslə yanaşmırlar. Mənlə duet oxuyanda onları efirə çıxartmaları üçün xahiş edirəm. Mənə, sənətimə olan hörmətdən "yox" demirlər. Həm də, bilirsiz necədi? Allaha qurban olum, istedadı ya verir, ya da vermir. Sənət elə bir şeydir ki, mən məsləhət görmürəm çoxları bu sənətə uysun, aludəçisi olsun.

- Son cümləniz məni təəccübləndirdi.

- Çünki bu sənət çörək vermir. Mən indi oğlumun himayəsindəyəm deyə əziyyət çəkmirəm. Toya getmirəm, konsert vermirəm, mən necə dolana bilərəm? İndi düşünürəm ki, toylardan başqa qazanc yeri olmayan həmkarlarım necə dolanır? Telefonla danışanda da ilk sualım "Necə dolanırsız?" olur.

- Sizə xoşbəxt qadın demək olar?

- Bu sualı əvvəllər versəydiniz cavabı başqa cür olardı. Ancaq eyni suala hər yaşın öz cavabı var. Cavanlıqda məndən soruşurdular ki, xoşbəxtəsənmi? Mən "hə" deyirdim. Sonra soruşurdular ki, xoşbəxtliyin düsturunu deyin. Deyirdim, ya xoşbəxtsən, ya bədbəxt. Sonra illər keçdi, yaşa dolduqca başa düşdüm ki, övladlarından yarıyan qadın xoşbəxt ola bilər. Sonra zaman keçdi, düşündüm ki, sənə ağlayan insan varsa, deməli xoşbəxtsən. Yaş keçdikcə, müdrikləşdikcə, özünü tanımağa çalışırsan. Mən səksən ildir özümü tanımağa çalışıram. Xasiyyətimi, kimliyimi bilmək istəyirəm. Həyat elə bir cəlladdır, bir də görərsən ki, başına elə bir iş gələr, son nəfəsində son sözünü deməyə, əlində tutmağa yanında adam olmaz. Bunu heç kimə arzulamıram. Bu da xoşbəxtlikdir, qızım, sənin son anında kimsə sənə yiyə dursun. Hər yaşın öz baxışı var. Nə yaşayırsan yaşa, həyatın yekunu ölümdür. Dünyadan köçəndə mülkündən, övladından nigarançılığın yoxdursa, bu, artıq xoşbəxtlikdir.

- Sənətiniz xoşbəxtliyinizi əlinizdən almadı ki?

- Sənətim sadəcə səsimə bədbəxtçilik gətirdi. Səsim bədbəxt oldu. Bu səs dünyada səslənməliydi. Səsim başıma bəla oldu. Səsim dilimi acıladı. Bilirsiniz, mənim azadlığımı əlimdən almaq istəyənlərə zəhərlə cavab verirdim. Və səsimə, dilimə, dönməz xasiyyətimə görə düşmən qazandım. Bir vətəndaş kimi xoşbəxtəm. Yoxluğumda bilirəm ki, ruhum söyülməyəcək, ağlayanım olacaq.

- Bəs qadın kimi?

- Bir qadın kimi nakamam. Allah qismət verirdi, sonra çox görüb əlimdən alırdı.

- Nakamlığınıza görə kimi günahlandırırsınız?

- Heç kimi günahlandırmıram. Mənim savaşım yaradanla olur. Yaradan sənə qismət verir, sənə tale yazır. Sonra istəsə səndən alır.

- Müsahibələrinizin birində "Allah yoxdur " demisiniz.

- Qızım, Allahlar çoxdur. Yunan mifologiyasını yəqin oxumusunuz. Yer allahı, göy allahı, dəniz allahı və s. Mən o baxımdan demişəm. Mənim cümləmi istədikləri kimi bəzəyib şişirtdilər. Allahları da, hamımızı da yaradan yaradıb.

- Təzə oxuyanlardan kimin səsinə, oxuma tərzinə irad bildirmisiniz?

- Bu barədə də obyektiv ola bilmərəm. Oxuyan hansısa müğənniyə qiymət verə bilmərəm. O səsi ona verən verib. Mən sadəcə ona baxıb yaradana üzümü tuturam ki, sən onu niyə belə yaratmısan?

- Daxilən yaradanla savaşırsız. Qorxmursuz, sizi cəzalandırar?

- Allahın məndən inciməyə, məni cəzalandırmağa ixtiyarı yoxdur. O, mənə qismət verəndə, özü o cəzadan özünü məhrum elədi. Bircə xasiyyəti yazmadı mənə. O xasiyyəti mənə vermədi. Xəyallara dalmaq. Çox realist insanam. Xəyallarla, ümidlərlə, inamla özüm-özümü aldatmıram. Mən heç kimə inanmıram.

- Kiməsə inanmadan yaşamaq çətin deyil?

- Bu xasiyyəti də mənə yaradan verib. Elə xasiyyətlər var ki, o, insana cəzadır.

- Sənətə görə ailəsindən ayrılan xanımlara məsləhət vermək istəməzdiniz?

- O cümləyə qəti inanmayın. Sənətimə görə ailəmi dağıtdım və s. Qəti inanmayın! Heç bir qadın ailəni sənətə qurban verməz. Əgər yanında əsl kişi varsa. Əgər o kişi o qadının başına onun sənətini qaxmırsa. Əgər o kişi yersiz qısqanclığıyla xanımını alçaltmırsa, o qadın onu heç nəyə qurban eləməz. Bilirsiniz şounu kimlər yaradır?

- Kimlər?

- O şounu kanallar yox, şərh yazan dinləyicilər yaradır. Bir söz deyirsən, cümlənin əvvəlini, axırını kəsirlər, elə cümlə yazırlar ki, dinləyicilər dinləyir, oxuyur, sonra şişirdib şou edirlər. Operator üzümü iri planda çəkir, oxuyuram ki, yazırlar Flora Kərimova üzünü səksən yaşında botoks elətdirib, utanmır. Mən üzümə botoks eləməmişəm. Adi cümləmi, adi hərəkətimi şişirdib reytinq xətrinə şou edirlər. Nəticədə kim sınır? İçləri boş olanlar. Onların cəzası qoy içlərinin boş olması olsun. Mənim kimi mübarizə aparan insanın dili əlbəttə acı olar.

- Hansı səhvinizə görə utanmısız?

- Mənim utanacaq bir addımım olmayıb. Əgər utanmaq dərəcəsində yaşasaydım, ev xanımı olmazdım. Mən ana olmazdım. Onda övladlarım başıaşağı gəzərdi. Həmişə azərbaycanlı qadını olduğumu düşünmüşəm. Millətimi düşünən qadın olmuşam. Özümü həmişə basqı altında yaşatmışam. Allah eləməsin, sabah sizin ünvanınıza nalayiq söz desəm, elə bil, azərbaycanlı qadınını alçaltmışam. Bizə təkcə özümüz baxmırıq. Düşmən də bizə baxır. Əgər bir xalq sənətkarını ədəbsizcə müzakirə edib, təhqirlər yazırsa, o xalq deyil. O, kütlədir. Kütlə isə xalq ola bilməz.

- Sevgisində əzab çəkən qadın ana olursa, o, övlad vasitəsiylə ağrısını xoşbəxtliyə çevirə bilir. Sizinlə söhbətimizdən anladığım bu oldu.

- Mənim şəxsi həyatımda əzabım olmayıb. Həyat yoldaşı kimi mənə həmişə hörmət qoyulub. Mənim qismətimdə əzab verən yaradan olub. Xoşbəxtliyi verib, sonra o xoşbəxtliyi hər dəfə ölümlə əlimdən alıb. Qismətlərimi məndən ölüm aldı. Qızım, mən dəfələrlə ailə qurmuşam. Oxumağa da vaxt tapmışam, tankın qabağına da çıxmışam, tabut arxasınca da getmişəm. Mənim taleyim belə olub.

- Min yeyib bir deyəni çox olan insansız...

- Yeyənlərim olub, deyənlərim ondan çox olub. Qismətlərim mənə görə çox mübarizə aparıblar. Mən mələk də olsaydım, deyənlərim yenə də olacaqdı. Məndəki qismət həsəd aparılan qismətdir. O, hörmətiydi, sayğıydı. O, məni qoruyurdu. Mənlə hesablaşırdı. Hər bir qadın əvvəlcə müdrik və diplomat olmalıdır. Qadın hörməti ağlıyla qazanır. Əgər yoldaşı əsl kişi, insandırsa, harmoniyanı qorumaq olur. Hər şeyi insanın üzünə vurmaq olmaz. Hər şeydən acıq çıxmaq olmaz. Qadının bir küncü olmalıdır. Ürəyində o küncə qısılmalıdır, əliylə ağzını yummalıdır. Qadın həm lal olmalıdır, həm kar, həm də kor. Ən əsası səbirli olmalıdır. Səbr müdrikliyin bir qanadıdır.

- Deməli, təbiətcə səbirlisiz.

- Çox səbirliyəm və qisasçıyam. Oğlum deyir, sən hədəfinə çatmaq üçün, qisasını almaq üçün illərini sərf edirsən. Haqlıdır. Səbrlə gözləyirəm ki, o şilləni vaxtında vurum.

- Qadının missiyası nədir?

- Qadının missiyası dözməkdir. Bu alnımıza yazılıb. Döz və səbr elə.

P.S. Flora xanım səhhəti ilə bağlı yayılan məlumatın sensasiya xatirinə şişirdildiyini də söylədi, bəzi mətbuat orqanlarından gileyləndi, lakin öz xahişi ilə biz bu barədə heç nə yazmadıq.(Kulis.az)