Gündəm / Cəmiyyət

"Düzdü, bu gün hamı yaddan çıxır"


"O, rolu çox gözəl oynamışdı. Daha sonra isə instituta qəbul oldum və onda Ceyhun ikinci kursda oxuyurdu. Onunla münasibətlərimiz yarandı. Ceyhun çox talantlı adam idi”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev aktyor Ceyhun Mirzəyev haqqında danışarkən deyib.

R.Balayev Ceyhun kimi bir istedadlı aktyorun həyatdan tez köçməsinə təəssüflənib:

"Ceyhun çox adamların aktyor sənətinə gəlməyinə səbəb olub və onlardan biri də mənim. Onun "Ögey ana” filmindəki rolunu görəndə demişəm ki, görəsən mən də o cür aktyor ola bilərəmmi? O, rolu çox gözəl oynamışdı. Daha sonra isə instituta qəbul oldum və onda Ceyhun ikinci kursda oxuyurdu. Onunla münasibətlərimiz yarandı. Ceyhun çox talantlı adam idi. Amma bir müddət sonra o, rejissorluğa meyl etdi və "Mozalan” filmləri çəkdi. Bir müddət sonra "Fəryad” filmini çəkdi və orda da çox gözəl bir obraz yaradıb. Ceyhun o vaxt bizim hamımızın sevimlisi idi. Düzdü, bu gün hamı yaddan çıxır. Amma Ceyhunun kinoda özünəməxsus rolları çox olub. Həyatda da çox yaxşı adam idi. Yəni mülayim, heç kəsin dalıyca danışmayan, paxıllıq etməyən insan idi. Baxmayaraq ki, o, az yaşadı, amma Azərbaycan kinosunda çox işlər gördü. Çox heyf ki, formalaşan vaxtı, 46 yaşında dünyasını dəyişdi. O, hələ çox işlər görə bilərdi. Ceyhun "Lətifə” filmində mənimlə tərəf müqabili oldu.

Çox heyf. Adam 50 yaşında yaxşıyla-pisi ayırmağa başlayır. Yəni Ceyhun hər şeyi başa düşdüyü bir vaxtda dünyasını dəyişdi. Amma Ceyhunda yaşından böyük istedad var idi. O, çəkildiyi filmlərdə rejissoru da təəccübləndirirdi. O yaşda belə atyor olmaq hər adama qismət olmur”.

Qeyd edək ki, bu gün aktyor Ceyhun Mirzəyevin doğum günüdür. "Ögey ana”, "Fəryad” filmlərində möhtəşəm rolları ilə yaddaşlarda qalan aktyor, çox heyf ki, 1993-cü ildə 46 yaşında dünyasını dəyişib.