Gündəm / Siyasət

Ermənilər kədər içində: “Stepanakerti də itiririk?” - NƏ BAŞ VERİR?

Ermənilər kədər içində:
"Heç vaxt "heç vaxt” demə”. Bu, yalnız baş rollarda Şon Konneri və Kim Besincerin rol aldığı Ceyms Bond filmlərindən birinin adı deyil. Həm də öz səhvlərindən nəticə çıxarmayaraq, hər şeyi inkar etməyə adət edənlərin hamısına bir çağırışdır. Bunlara, əlbəttə ki, soydaşlarının qulaqlarına əriştə asmağa davam etməyə hazır olan erməni "müjdəverənləri” də daxildir.

Yaxşı, bu dəfə nə baş verdi? "Tezliklə ofisimiz Xankəndidə fəaliyyət göstərəcək”, - deyə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev öz "Twitter” hesabında yazdı. Yalnız bu qısa giriş erməni tərəfinin sıralarında isteriya və çaxnaşma üçün kifayət idi.

Aydın məsələdir ki, hələ də özlərini mifik "Artsax”ın nümayəndələri adlandıranlar "qəzəb küpü”nün başında yer aldılar. Qarabağ separatçılarının rəhbərinin mətbuat katibi adlandırılan Lusine Avanesyan Tural Gəncəliyevin açıqlamasını "ucuz spekulyasiya” adlandırdı․ Bu xanım ifadə seçimi ilə özünə xüsusi bir əziyyət vermədi ki, bu da Qarabağ separatçılarının sıralarında bir qorxunun hökm sürdüyünün etirafı idi.

"Bu, Azərbaycan tərəfinin reallıq kimi təqdim olunan xəstə fantaziyasının başqa bir meyvəsidir. Bu cür ucuz məlumat spekulyasiyalarının köməyi ilə cəmiyyəti çaşdırmağa və erməni cəmiyyətini qıcıqlandırmağa çalışırlar”, - o bildirdi.

Avanesyan əmin etdi ki, azərbaycanlılar Xankəndidə nəinki bir ofis aça bilməz, heç bu şəhəri ziyarət belə, edə bilməzlər: "Belə bəyanatlar verməkdənsə, Azərbaycan münaqişənin həllinə yönəlik real perspektivlərdən danışmaq üçün işğal olunmuş ərazilərimizin qaytarılması barədə düşünsə, daha yaxşı olar”.

Bu xanımın gərçəkləri deyil, əmr olunanları demək məcburiyyətində qaldığı aydındır. Bu mənada o, Ermənistan və Xankəndidəki bütün rəsmi yalançılardan çox da fərqlənmir. Ümumiyyətlə, Avanesyan 44 günlük müharibənin əvvəlindən Azərbaycan Ordusunun tamamilə aşkar uğurlu irəliləməsini inkar edərək, həmvətənlərinə yalan danışan Şuşan Stepanyandan çox da fərqlənmir. Ordumuzun Hadrutu azad etdiyi ana qədər Stepanyan çox ilhamla yalan danışırdı. Bundan sonra Hadrut əsilli Şuşan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi vəzifəsindən istefa etdi.

Ancaq yalan danışan təkcə o deyildi. O dövrdə praktik olaraq Ermənistan Respublikasının bütün hərbi və siyasi rəhbərliyi və Qarabağ separatçıları yalan və axmaqlığı təkrarlamaqla məşğul idilər. Hamının yaxşı tanıdğı Artsrun Ovanesyan o zaman xüsusilə seçilirdi. Müdafiə Nazirliyinin keçmiş sözçüsü, ümumiyyətlə ibtidai və gülməli bir yalanın simvoluna çevrildi. Ermənistan ordusunun "taktiki geri çəkilməsi” ilə bağlı ifadəsi uzun müddət ermənilər arasında gülüş mövzusuna çevrilmişdi. Beləliklə, Lusine Avannesyanın öyrənməyə müəllimi çoxdur və o, belə də edir.

Erməni mətbuatı bu baxımdan özünü daha çox rahat hiss edir. Tural Gəncəliyevin açıqlamasından sonra açıq şəkildə erməni tərəfinin qorxusuna işarə edərək, həqiqəti yazmağa çalışdılar. "Armenianreport” saytında "Stepanakerti də itiririk?” başlıqlı məqalə dərc edilib. Bu mətnin müəllifi istənilən erməni mediası üçün ənənəvi olan "Türkiyə-Azərbaycan təcavüzü” və "Romadan daha yaşlı İrəvan” haqqında bir sıra şablonlar istifadə edərək, sonda Gəncəliyevin açıqlamasına bir reaksiya tələb edir.

Üstəlik, bu reaksiyanı Rusiyadan tələb edir. "İndiyə qədər Kremldən Bakıya heç bir ayıldıcı qışqırıq gəlməyib. Baxmayaraq ki, olmalıdır. Yenə də sözdə deyil, əməldə. Rusiyanın, xoşbəxtlikdən Azərbaycanda qaynar nöqtələrə lazımi təzyiq göstərmək üçün bir çox fürsəti var. Ancaq Kreml susur. Üstəlik, utanc şəkildə özünə haqq qazandıran tərəf mövqeyi tutur ki, buna görə də Bakı və Ankara tərəfindən açıq şəkildə təzyiqlərlə üzləşir”, - deyə "Armenianreport”-un müəllifi hirslə yazır.

Bundan sonra müəllif səmimi ümidsizliyə qapılır. Onun verdiyi ümumiləşdirici nəticə sitat gətirilməyə layiqdir: "Bu təxribatın reallaşacağına dair bir zəmanəti olmasaydı, Tural Gəncəliyev danışmazdı. Görünür ki, hər şey artıq razılaşdırılıb. Və burada iddialar yalnız Rusiyaya deyil, Fransa və ABŞ-a da edilməlidir. Həm də, görünür, Azərbaycan tərəfinin istənilən təxribatçı addımı ilə razılaşan ölkəmizin hazırkı rəhbərliyinə də iddialar irəli sürülməlidir”.

Və haqlı olaraq, kədərlənir. Bu məqalə qaçılmazdan qaçmağa kömək etməyəcək, amma yenə də erməni cəmiyyətinə həqiqəti söyləməyi bacardı. Tural Gəncəliyevin vədləri reallaşanda və Azərbaycan bayrağı Xankəndidə ucaldılanda eyni Lusine Avannesyan nə edəcək? Yəqin ki, yolüstü növbəti "taktiki geri çəkilmə” ilə əlaqəli bir cəfəngiyyat söyləyərək, istefa verəcək. Ancaq, ola bilər ki, heç bunu da edə bilməsin... //ayna.az//