Gündəm / Hadisə

İş adamının arvadını şantaj etməkdə suçlanaraq həbs edilən Elçin Pirişov öldü

İş adamının arvadını şantaj etməkdə suçlanaraq həbs edilən Elçin Pirişov öldü
Bakıda dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs edilən Pirişov Elçin Rafiq oğlu Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

Musavat.com xəbər verir ki, onun ağır xəstəlikdən əziyyət çəkdiyi və bir neçə gün əvvəl dünyasını dəyişdiyi bildirilir.

Bildirək ki, Elçin Pirişov ailəli qadını şantaj etməkdə ittiham olunurdu. Ona qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə ittiham irəli sürülmüşdü. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi və cinayət işi üzrə ibtidai istintaq davam edirdi.

Elçin Pirişovun qardaşı Elnur Pirişov isə ittihamlarla razılaşmırdı.

Elnur Pirişov deyirdi ki, qardaşını şərləyiblər. O qeyd edirdi ki, qardaşı 2012-ci ildən Y.A. adlı xanımla tanış olub. Xanım ailəli olmasına baxmayaraq, Elçin Pirişovla gizli şəkildə sevgi münasibətlərini davam etdirib.

"Həmin xanım sevgi münasibətləri yaşadıqları vaxtda qardaşımdan borc alıb. Sonra həmin xanımın əri bu işdən xəbər tutub və onlar ayrılıblar. Qardaşım pulu istəyəndə qadın şikayət edib ki, guya Elçin onu şantaj edir”,- deyə Elnur Pirişov qardaşına qarşı irəli sürülən ittihamla razılaşmayıb.

Elnur Pirişov iddia edir ki, qadının əri "NLT Telekom "və "Caliano” restoranlar şəbəkəsinin rəhbəridir.