Gündəm / Siyasət

“Hüseyn Abdullayevin vətəndaşlıqdan çıxarılması mümkün deyil” - AÇIQLAMA


Həbsdə olan sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib.

Musavat.com xəbər verir ki, o, günahsız yerə həbs edildiyini, 3 ildir qanunsuz həbsdə saxlandığını və əziyyət çəkdiyini qeyd edib.

"Quska" səhhətinin ağırlaşdığını, 70 yaşlı anasının da bu səbəbdən əziyyət çəkdiyini və onun da səhhətində ciddi problemlər yarandığını bildirib.

Hüseyn Abdullayev məktubunun sonunda baş verənlərin ədalətsizlik olduğunu söyləyərək Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib. Bu müraciətdən sonra bir neçə sual yaranır.

H.Abdullayevin müraciəti qəbul olunarsa, hüquqi prosedur necə olmalıdır?

Mövzu haqqında Musavat.com-a danışan vəkil Anar Məmişov bildirib ki, vətəndaşlıqdan çıxarılmanın əsasları "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna görə tənzimlənir.
Hüquqşünas deyir ki, hazırkı vəziyyətdə Hüseyn Abdullayevin vətəndaşlıqdan çıxarılması mümkün deyil: "Çünki vətəndaşlıqdan çıxmaq istəyən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilibsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin vətəndaşlıqdan çıxması dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir”.

Anar Məmişov bildirib ki, ikinci bir ölkənin vətəndaşı olmadığı halda bir şəxsin yaşadığı ölkənin vətəndaşlığından çıxarılması da mümkün deyil:

"Hüseyn Abdullayev vətəndaşlıqdan çıxarılsa, vətəndaşlığı olmayan şəxs olacaq. Bu, mümkün deyil. Ekstradisiya haqqında qanuna görə də bir şəxs vətəndaşlığı olduğu ölkəyə ekstradisiya oluna bilər. Vətəndaşlıqdan çıxarmanın əsasları kimi həmin şəxsin başqa bir ölkənin vətəndaşlığını alması və digər beynəlxalq əsaslar göstərilə bilər. Amma vətəndaşlıqdan çıxmanın əsası kimi könüllülük yoxdur. Yəni, "mən istəmirəm vətəndaşlıqdan çıxıram”,- demək olmur”.

Vəkil Hüseyn Abdullayevin Almaniyadan siyasi sığınacaq almasının bu məsələyə təsirindən də danışıb: "Siyasi sığınacağı Azərbaycan Respublikasının vətəndaşı kimi alıb. Vətəndaşlıqdan çıxarılsa, həmin siyasi sığınacaq məsələsinin də bir qüvvəsi qalmır. Həbsdə olan bir şəxsin də başqa bir ölkədən vətəndaşlıq alması mümkün deyil. Qanun da Azərbaycan vətəndaşının başqa bir ölkəyə verilməsini qadağan edir. İkinci bir ölkənin vətəndaşı olsa da başqa bir ölkəyə göndərilə bilməz. Çünki burada çəkilməli olan cəzası var.

Nümunə üçün bir hadisəni xatırladım. Nadir Səlifov ("Lotu Quli”) da Gürcüstana ekstradisiya olunması ilə bağlı müraciət etmişdi. O, həm Gürcüstan, həm də Azərbaycan vətəndaşı idi. Nadir Səlifov həm də Azərbaycan vətəndaşı olduğu üçün ekstradisiya olunmadı. Çünki onun barəsində məhkəmə hökmü var idi. Sonradan cəzasının qalan hissəsi şərti hesab edildi və azadlığa buraxıldı”.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla "Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.
Hüseyn Abdullayev özünü təqsirli bilmir.
Musavat.com