kanal14.az
kanal14.az

Riçard Almeyda: "Azərbaycan millisində oynamaq üçün pul almadım"

Riçard Almeyda:
25-03-2021, 11:45 88 dəfə baxılıb

Riçard Almeyda: Azərbaycan millisində oynamaq üçün pul almadım

"Azərbaycanda demək olar ki, hər yer açıqdır. Amma restoran və bank kimi qapalı məkanlarda qaydalara əməl etməli və məsafə saxlamalıyıq".

Kanal14.az-ın "Report"a istinadən məlumatına görə, bu fikirləri "Zirə" klubunun futbolçusu Riçard Almeyda "Tribunaexpresso" nəşrinə müsahibəsində deyib.

Martın 20-də 32 yaşı tamam olan yarımmüdafiəçi doğum gününü ailəsi və komanda yoldaşları ilə birlikdə qeyd etdiyini bildirib. Almeyda ölkədə koronavirusla bağlı vəziyyətin Portuqaliyadakı kimi olduğunu söyləyib: "Məncə, yoluxmuş insanların sayı gündəlik 700 civarındadır. Azərbaycan 10 milyon əhaliyə malik ölkə olduğundan virusla bağlı vəziyyəti idarə etməyi bacarır. Bu virusla oynamamalıyıq, çünki ölümə səbəb olur. Yalnız burada deyil, bütün dünyada bir çox insan vəfat edir. Braziliyada isə daha çox insan dünyasını dəyişir. Burada vəziyyətə nəzarət etməyi bacardılar. Ölkəyə peyvən də gəlib, ilk olaraq daha yaşlı şəxslər peyvəndlənir. Daha sonra sıra gənclərə də çatacaq".

Braziliyalı oyunçu Bakıda yaşadığı üçün xoşbəxt olduğunu söyləyib: "Buradakı əhalinin hamısı müsəlman deyil. Çox sayda rus, ukraynalı və digər xalqların nümayəndələri var. Gündəlik həyat yaxşıdır, ailəmin və mənim sevdiyim ölkədir. Həyat yoldaşım da buranı bəyənir, qızım məktəbdə yaxşı oxuyur. Hər kəs sənə hörmət edir və hamı insanlara köməklik etməyi sevir. Xüsusən də əcnəbilərə. Azərbaycanda insanlar mehribandır. Yaşamaq üçün çox yaxşı ölkədir. Cinayət yoxdur, sakit və dinc yerdir. Mənim üçün isə ən önəmli olan bunlardır. Ən çox dəyər verdiyim şey ailəmin təhlükəsizliyidir".

Təcrübəli oyunçu 2012-ci ildə "Qarabağ"a keçidini xatırlayıb: "Menecerim Polşanın "Legiya" (Varşava) klubundan təklif aldığımı dedi. Həmin vaxt Portuqaliyanın "Jil Visente" komandasında çıxış edirdim. Tətil üçün Braziliyaya getmişdim. Səhv etmirəmsə, "Legiya" 2-3 illik müqavilə təklif etdi. Bu səbəbdən qəbul etdik. Daha sonra yatdım və növbəti gün yuxudan oyananda Azərbaycandan, "Qarabağ"dan təklif gəldi, fikrimizi dəyişdik. Allaha şükür edirəm ki, buraya gəlmək imkanım oldu".

Azərbaycan yığmasının da formasını geyinən yarımmüdafiəçi milli seçimi ilə bağlı bunları deyib: "Azərbaycan vətəndaşı olmağı qəbul etdim. Bunun üçün pul almadım. Çünki yığmada oynamağı ürəkdən istəyirdim və beynəlxalq matçlarda ölkəni təmsil etdim".

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Riçard Almeyda 2012 - 2018-ci illərdə və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. O, 2020-ci ilin oktyabrında "Zirə" ilə müqavilə imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA