Gündəm / Cəmiyyət / Hadisə

Xırdalanda ər-arvad arasında əmlak davası — Qanlı cinayətin şok təfərrüatı

Xırdalanda ər-arvad arasında əmlak davası
Xırdalan şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Mehdi Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehdi Piriyev məhkəmə qaydasında nikahlarına xitam verilmiş keçmiş arvadı 1981-ci il təvəllüdlü Ülviyyə Məmmədova ilə şəxsi münasibətlər zəminində aralarında narazılıq yaranıb.

O, keçmiş arvadının ona qarşı əmlak tələbi və digər mülki xarakterli iddia tələbləri ilə məhkəməyə müraciət etməsi ilə bağlı qisas almaq üçün öldürmək qərarına gəlib.

Bu məqsədlə 25 oktyabr 2018-ci il tarixdə, saat 20.00-da Ülviyyə Məmmədovanın yaşadığı Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi, 3 nömrəli evin qarşısına gəlib. O, sonuncunun işdən çıxıb, yaşadığı evə gəlməsini gözləyib.

Bu zaman Mehdi Piriyev, Ülviyyə Məmmədovanı yaşadığı evə doğru getdiyini görüb. O, Ülviyyə Məmmədovanın qarşısına keçərək saçından tutub divara çırpandan sonra yerə yıxıb.

Daha sonra üzərində gəzdirdiyi bıçaqla Ülviyyə Məmmədovanın bədəninin həyat fəaliyyəti üçün vacib olan orqanların yerləşdiyi sinə nahiyəsi istiqamətdə məqsədyönlü şəkildə ardıcıl olaraq çoxsaylı zərbələr endirib.

Ümumilikdə Mehdi Piriyev keçmiş arvadına 12 ədəd bədən xəsarətləri yetirib, sonuncunun aldığı xəsarətlərdən öldüyünü zənn edib və hadisə yerini tərk edib.

Lakin Ülviyyə Məmmədova vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərilməklə həyatının xilas edilib.

İstintaq orqanı tərəfindən Mehdi Piriyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Piriyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mehdi Piriyev apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, keçmiş arvadını qəsdən öldürməyə cəhd etmək fikri olmayıb.

Mehdi Piriyev əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Mehdi Piriyevin şikayəti təmin olunmayıb.