Gündəm / Siyasət

Erməni deputatdan Ter-Petrosyana sərt ittihamlar

Erməni deputatdan Ter-Petrosyana sərt ittihamlar
Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın "Mənim addımım" fraksiyasının təmsilçisi Ovik Ağazaryan eks-prezident Levon Ter-Petrosyanı sərt tənqid edib.
Azvision.az xəbər verir ki, o, gözlənilmədən baş nazirin əleyhinə çıxış edən eks-prezidentin dönüb öz keçmişinə baxmasını məsləhət bilib.

Ovik Ağazaryan keçmiş prezidenti saxtakarlıqda ittiham edərək deyib: "1995-ci il parlament və 1996-cı il prezident seçkilərini saxtalaşdıran, 1998-ci seçkilərində qorxaq kimi qaçan, 2013-cü il prezident seçkilərindən cəmi üç ay əvvəl məsuliyyətdən boyun qaçıraraq 68 yaşında olduğunu iddia edən bir adam nə qədər həyasız olmalıdır ki, Ermənistanda siyasi sabitliyə yönəlmiş təzahürlər olduğu bir vaxtda belə qəribə təklif versin".

Deputat iddia edib ki, ölkədəki bütün mənfi hadisələrdə ən böyük məsuliyyət payını Levon daşıyır.

Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolunu baş nazir Nikol Paşinyanın dərhal istefa verməsində görür. Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.

Sabiq prezidentin fikrincə, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir ki, o da ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.