Gündəm / Siyasət / Sosial

Müharibə vaxtı əhaliyə dəyən ziyan: hökumət niyə narahatdır? - NARAZILIQ!

Müharibə vaxtı əhaliyə dəyən ziyan: hökumət niyə narahatdır?
Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın vandal hücumları nəticəsində mülki əhali və sahibkarlara dəyən zərərin hesablanması prosesi hələ də yekunlaşmayıb. Baxmayaraq ki, Prezident İlham Əliyev oktyabr, noyabr və dekabr aylarında bu zərərin hesablanması, kompensasiya olunmasına dair 3 sərəncam imzalayıb, Nazirlər Kabineti yanında yaradılmış Dövlət Komissiyası prosesi başa çatdırmayıb.

2020-ci il noyabrın 6-da Prezidentin imzaladığı "2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Noyabrın 9-da komissiyanın ilk iclası keçirilib. Noyabrın 12-də isə Baş nazir Əli Əsədov Prezidentin tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən 3 qrup yaradılıb: Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu; Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu. Buraya daxildir: İqtisadiyyat nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, baş prokurorun müavini, Kənd Təsərrüfatı Nazirliyinin, "ASAN xidmət"in nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Maliyyə Nazirliyi Aparatının rəhbəri; aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Koordinasiya qrupuna tapşırılıb ki, dövlət orqanlarının (qurumlarının) işlərinin əlaqələndirilməsi təşkil və təmin edilsin, həyata keçirilən tədbirlər üzrə analitik təhlillər aparılsın, statistik hesabatlar hazırlansın, görülən işlər barədə mütəmadi olaraq komissiyaya məlumat verilsin.

İşçi qruplar mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin edərək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 10-dək komissiyaya təqdim etməliydilər.

Həmçinin sərəncamla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, SOCAR-a, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq” Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin etsinlər və aradan qaldırılması üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 1-dək komissiyaya təqdim etsinlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını 2020-ci il dekabrın 10-dək təmin etsin.

Komissiyanın məlumatına əsasən, 44 günlük hərbi əməliyyatlar dövründə Ermənistanın təcavüzü nəticəsində təqribən 3 700 obyektə müxtəlif dərəcəli ziyan dəyib. Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər.

Dəyən zərərin qiymətləndirilməsi üçün yerli özəl və xarici qiymətləndirmə şirkətlərinin də prosesə cəlb olunması nəzərdə tutulurdu.

Dekabrın 14-də Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır: "Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır”.

Prezidentin sərəncamında dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində; digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində ilkin yardımın ödənilməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinin yanvarın 5-də açıqladığı məlumatda Prezident sərəncamının icrasına başlandığı qeyd edilir. Bildirilir ki, 2020-ci il dekabrın 17-də Nazirlər Kabineti "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncam verib. Sərəncama əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli sərəncamı ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Həmin vəsaitin 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manatı Gəncə Şəhər İcra Hakimiyyətinin, 67 000 (altmış yeddi min) manatı Mingəçevir Şəhər İcra Hakimiyyətinin, 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatı Ağdam Rayon İcra Hakimiyyətinin, 586 000 (beş yüz səksən altı min) manatı Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233 000 (iki yüz otuz üç min) manatı Bərdə Rayon İcra Hakimiyyətinin, 124 000 (bir yüz iyirmi dörd min) manatı Beyləqan Rayon İcra Hakimiyyətinin, 41 000 (qırx bir min) manatı Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4 000 (dörd min) manatı Naftalan Rayon İcra Hakimiyyətinin, 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatı Tərtər Rayon İcra Hakimiyyətinin, 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manatı Füzuli Rayon İcra Hakimiyyətinin və 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manatı Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməliydi.

Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Nazirlər Kabinetinə hesabat təqdim etməli idilər.

Ölkə mətbuatında yer alan məlumatlardan aydın olur ki, bu sərəncamın icrası ilə bağlı yerlərdə narazılıqlar qeydə alınmaqdadır. Eyni zamanda atəşə məruz qalan ərazilərdə əhalinin mal-heyvanının, ev quşlarının tələf olması, tövlə və ot bağlamalarını yanması nəticəsində üzləşdiyi zərərin hesablanması prosesindən də narazılıqlar mediaya ayaq açır. Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim olunan hesabatda qeyd edilir ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatı texnikası, məhsulları və heyvanları üzrə mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası tərəfindən qiymətləndirmələrə əsasən, kənd təsərrüfatına dəymiş ziyanın məbləği 1 milyon 281,1 min manat müəyyənləşdirilib.

Komissiya müəyyən edib ki, ümumilikdə 7 rayon ( Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy) üzrə 1 560 baş iri və xırdabuynuzlu mal-qara, 34 baş at, 107 arı yeşiyi, 6 701 ev quşu tələf olub, 14 107 ot bağlaması yanıb, 31 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Lakin Tərtər, Ağcabədi və Goranboy rayonu üzrə zərərin hesablanmasında pozuntulara yol verildiyi, bir çox vətəndaşlara dəyən zərərin məbləğinin aşağı hesablandığı, bəzi vətəndaşlar üzrə məbləğin şişirdildiyinə dair şikayətlər var.

Bundan əlavə, atəş nəticəsində obyektlərinə zərər dəyən bir sıra sahibkarlar da üzləşdikləri zərərin məbləğinin aşağı hesablandığını bildirirlər. Qeyd edək ki, sahibkarlara dəyən zərəri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi hesablayır. Agentliyin məlumatına əsasən onlara Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-dən atıq sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonları daxil olmaqla, ölkənin 9 şəhər və rayonunu əhatə edib. Zərərin ümumi məbləği barədə hələlik heç bir açıqlama verilməyib, bu isə prosesin hələ yekunlaşmadığını göstərir.

Müxtəlif rəsmi mənbələrin məlumatına görə, Erməni vəhşiliyi nəticəsində 9 rayonda 2442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılıb. Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə də ziyan dəyib. Onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı və 1-i istilik təchizatı obyekti olub. Ziyan dəymiş dini obyektləri və abidələri də xüsusi qeyd etmək lazımdır. Belə ki, 17 dini obyekt zərər görüb- bura məscid, kilsə və qəbiristanlıqlar aiddir. Həmçinin, Gəncə, Tərtər və Ağdamda yerləşən 3 tarixi abidəyə də ziyan dəyib.

Dəyən zərərin hesablanması prosesindən narazı qalan vətəndaşlar, sahibkarlar Dövlət Komissiyasına müraciət edirlər. Bu məsələ komissiyanın iki gün əvvəl keçirilən iclasında da müzakirə olunub. Bildirilir ki, iclasda komissiyanın üzvləri və dəvət edilmiş şəxslər - təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları və digər rəhbər şəxslər iştirak ediblər. İclas zamanı dəymiş ziyanın qiymətləndirilməsi, ilkin yardımın göstərilməsi, qismən ziyan dəymiş və tam dağılmış tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib.

Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
"Yeni Müsavat”