Gündəm / Sosial / Səhiyyə

İyul və dekabrın təkrarı: Azərbaycana üçüncü dalğa gəlib? - GƏLİŞMƏ

İyul və dekabrın təkrarı: Azərbaycana üçüncü dalğa gəlib?
Son günlər koronavirusa yoluxma sayının yenidən artdığının şahidi oluruq.

Ötən gün də ölkəmizdə daha 517 nəfərə COVİD-19 diaqnozu qoyulub. Eyni zamanda 201 nəfər sağalıb. Bu isə yoluxanların sayının sağalanların sayından iki dəfə çox olduğunu göstərir. Test sayı isə 8 462 olub və bu, əvvəlki bəzi günlərlə müqayisədə 2 dəfə artıqdır.

Bəzi ekspertlər yoluxma sayının çoxluğunu test sayının artıq olması ilə əlaqələndirirlər. Lakin TƏBİB test sayının müraciətlərə əsasən aparıldığını qeyd edir.

Yəni nə qədər şəxs səhhətindən şübhəli olarsa, o qədər də test aparılır. Bu isə o deməkdir ki, simptomları olan xəsətlərin sayı artıb ki, test sayı da artıb. Ölkəmizdə eyni hal ilk dəfədir ki, yaşanmır. Oxşar situasiya iyunda və dekabr aylarında da yaşanmışdı.

Mayda yoluxma azalmış, ardınca karantin qaydaları yumşaldılmış, iyunda isə yoluxmalar kəskin artmışdı. Eynilə avqustda yenidən yumşaldılmalar barədə qərarlar verilmiş, dekabrda kəskin yoluxma hallarının artması sərt karantinin qəbulu ilə nəticələnmişdi.

Yəni dolaysı ilə ölkəmiz həm birinci, həm ikinci dalğanı yaşayıb.

Maraqlıdır ki, situasiyanın yenidən əvvəlkilərlə oxşarlıq təşkil etməsi üçüncü dalğanın siqnalı ola bilərmi?

Bununla bağlı olaraq, Cebhe.info-ya açıqlama verən tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, üçüncü dalğa ehtimalı realdır:

"Son dövrlər isə xəstəliyin sayı həqiqətən artmağa başlayır. Bir-iki həftə əvvəl müraciət edənlər az idisə, artıq bugünlərdə kifayət qədər xəstə müraciəti alırıq. Dalğa məsələsi belədir ki, yoluxma əvvəlcə azalır, daha sonra birdən çoxalmağa başlayır. Çox böyük ehtimal ki, üçüncü dalğa olacaq. Çünki yoluxma nəqliyyatda daha çox yayılır. Bizdə də metro işləmir, avtobuslarda da basabas olur və nəticədə yoluxma artır. Belə olan halda təbii ki, üçüncü dalğa gələcək. Bizim insanlarda da belə xüsusiyyət var ki, yoluxma bir az azalan kimi maskadan istifadə qaydası zəifləyir. Zəifləyən kimi yoluxmalar artır. Halbuki, günümüzdə virusdan qorunmağın yeganə yolu maskadır".

Həkimin sözlərinə görə, əslində test sayı da reallığı əks etdirmir:

"Çünki TƏBİB onsuz da narahat olan bütün xəstələri yoxlamır. Məsələn, şəxs təcili tibbi yardıma zəng edir ki, gəlin, analiz götürün, özümüzü pis hiss edirik. Deyirlər ki, hərarətin var? Deyir ki, yoxdur. Deyirlər ki, onda hərarətin olanda çağırarsan, gələrik. Başa düşmürlər ki, hərarət olanda virus artıq öz ömrünü başa vurub gedir. Artıq xəstənin bədənində virus azalır, yox səviyyəsinə çatır, belə olanda testin düzgün nəticəsi də olmayacaq. Əslində əlamətlər güclü şəkildə olmayanda test aparılmalıdır. Testlər çox olsa, yoluxmanın sayının daha da çox olduğunu görərik".