Gündəm / Sosial

“Karantin koronavirusdan daha çox adam öldürür” - REAL sədri hökumətin qərarlarını tənqid etdi

 “Karantin koronavirusdan daha çox adam öldürür” - REAL sədri hökumətin qərarlarını tənqid etdi
 
 
 
 
 
 
 
 
REAL Partiyasının sədri İlqar Məmmədov karantin tədbirləri və COVİD-19 pandemiyası ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb.

Sfera.az xəbər verir ki, partiya sədri indiyə qədər Azərbaycanda COVİD-19-dan nə qədər insanın həyatını itirdiyini, nə qədər insanın bu virusa yoluxduğunu hesablayıb:

"Əvvəlcə beynəlxalq elmi hesablamalarla başlayaq. İspaniya dövlət agentliyinin araşdırması Azərbaycanda yoluxanların 0.273 faizinin, ABŞ dövlət agentliyinin araşdırması 0.313 faizinin, İngiltərə yarı-dövlət qurumunun araşdırmaçıları 0.474 faizinin, ABŞ-İngiltərə araşdırmaçıları qrupu 0.515 faizinin öləcəyini deyir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda 2015 -2019-cu illərdə bütün səbəblərdən orta hesabla ildə 56 min adam ölürdü. Yenə də rəsmi statistikaya əsasən, 2020-ci ildə Azərbaycanda ölüm sayı 75,5 min təşkil edir. Onlardan 3 mini şəhidlərimizdir. Qalan 16,5 mini – səbəbi açıqlanmayan və heç vaxt baş verməyən miqyasda "artıqlama”dır.

Əvvəlki illərin ± prinsipini götürərək güzəştə gedib fərz edək ki, 1500 nəfər hansısa demoqrafik və digər "normal” səbəblərdən ölənlərdir. Qalır 15000 normadan artıq ölüm. Bunların səbəbi nə idi? Məncə karantin. Amma hökumət deyəcək ki, bunları məhz koronovirus öldürüb”.

İ.Məmmədov ölüm səbəblərinin koronavirus olduğunu nəzərə alaraq, gəlinən nəticədən söz açıb: "Yaxşı, tutalım elə koronovirus. Onda hansı nəticəyə gəlirik? Koronovirus 15 min nəfər "normadan artıq” adam öldürübsə, ən azı bir neçə min "norma” daxilində də adam öldürüb. Məsələn, 3 min....15 min +3 min =18 min. Beləliklə, yuxarıdakı faizlərə söykənərək, koronavirusa yoluxanların sayını da hesablamaq mümkün olur:

- İspaniya dövlət agentliyinin araşdırmasını əsas götürsək, Azərbaycanda ötən il 6,6 milyon insan yoluxub (18000*100/0,273=6,6 milyon)

- ABŞ dövlət agentliyinin araşdırmasını əsas götürsək, Azərbaycanda ötən il 5,8 milyon insan yoluxub (18000*100/0,313=5,8 milyon)

- İngiltərə yarı-dövlət qurumunun araşdırmaçılarının nəticələrini əsas götürsək, Azərbaycanda ötən il 3,8 milyon insan yoluxub (18000*100/0,474=3,8 milyon)

- ABŞ-İngiltərə araşdırmaçıları qrupunun nəticələrini əsas götürsək, Azərbaycanda ötən il 3,5 milyon insan yoluxub (18000*100/0,515=3,5 milyon)”.

Yekun olaraq, partiya sədri vurğulayıb ki, rəsmi dövlət göstəricilərinə əsasən, əhalinin yuxarı-aşağı yarısı artıq koronavirusa yoluxub. O bildirib ki, karantin tədbirləri ancaq zərər verir və öldürücüdür.//  Dia.az