Gündəm / Siyasət

Azərbaycan Prezidenti: “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”

Azərbaycan Prezidenti: “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Biz əməkdaşlığa açıq olan ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu yaşayıb, bir ailə kimi yaşayır və Azərbaycanda heç vaxt milli, dini zəmində hər hansı qarşıdurma olmamışdır, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir də göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında, bir yumruq kimi birləşdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident bildirib ki, bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var: "O ki, qaldı gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Azərbaycanda yaşayan keçmiş Ermənistan müdafiə nazirinin bacısını da tapmışdılar. Baxın, Ermənistan müdafiə naziri 90-cı illərdə olub, hansı ki, azərbaycanlılara qarşı soyqırımın törədilməsində iştirak edib, onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yox. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq. Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu bir qədər zaman tələb edəcək, birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”.

Dövlət başçısı qeyd edib ki, müharibənin yaraları sağalmayıb: "Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Həm qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik. Heç kimi məcbur etmək istəmirik. Birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtması dayanır. Bununla paralel olaraq, artıq bu suallara cavab verdim, uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi məsələləri dayanır. Hal-hazırda müharibənin heç dörd ay keçməmiş artıq rəsmi şəxslər, Ermənistan-Azərbaycanın rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir. Bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir, bu proses müsbət istiqamətdə gedir. Ona görə də burada bütün bu həssaslığı başa düşərək, bir də demək istəyirəm ki, biz, istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir”.