Gündəm / Cəmiyyət

Karantin bitir, “hava açılır”: - Azərbaycandan hansı ölkəyə getmək mümkündür?

Karantin bitir,
Martın 8-dən etibarən, "AZAL” Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Azərbaycan Hava Yollarının verdiyi məlumata görə, bu marşrut üzrə müntənzəm reyslər həftədə 2 dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. Uçuşlar Ukraynanın "Borispol" hava limanına həyata keçiriləcək.

Cebhe.info xəbər verir ki,hazırda Ukrayna ilə yanaşı, başqa ölkələrə də müntənzəm uçuşlar davam edir.

Bunlardan ən çox istifadə olunan Bakı-İstanbul marşrutudur. Ötən ilin yay aylarından etibarən "AZAL” Türkiyəyə uçuşlar təşkil edir. Hazırda həftənin hər günü, gündə 2 dəfə olmaqla, Bakıdan İstanbula və əks istiqamətdə uçuşlar həyata keçirilir.

Fevralın 17-dən etibarən, Bakı-Moskva-Bakı reysləri üzrə də uçuşlara start verilib. Uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri "Domodedovo” hava limanına yerinə yetirilir.

Bakı-Dubay-Bakı reysləri üzrə uçuşlar isə martın 1-dən başlayacaq. İlk 2 həftə ərzində uçuşlar həftənin bazar ertəsi və beşinci günləri, epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə isə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.

Gürcüstan və Pakistanla hava əlaqələri barədə müzakirələr də son mərhələdədir.

Hazırda davam edən pandemiya şəraiti ilə əlaqədar həm səyahət edərkən, həm də ölkəyə geri dönüş zamanı yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşa buraxılır. Testlər uçuşdan ən geci 48 saat öncə verilməlidir. Bundan əlavə, səyahət edəcəyiniz ölkəyə giriş icazənizin olması da vacibdir.

"AZAL” xarici səyahətlərlə yanaşı, Bakı-Naxçıvan-Bakı reysi üzrə də yanvar ayından etibarən gündə 3 dəfə uçuşlar həyata keçirir. Bu uçuş zamanı da neqativ nəticə göstərən Covid-19 testi barədə arayış təqdim etmək mütləqdir.