Gündəm / Siyasət

 Ermənistanın “İsgəndər”inin “buynuzu” var imiş - partlamamasının “sirri”

  Ermənistanın “İsgəndər”inin “buynuzu” var imiş - partlamamasının “sirri”
 
 
 
 
 

 
 
 
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük Qarabağ müharibəsinin ilk günlərindəcə Azərbaycana "İsgəndər” raketini atdıqlarını etiraf edib. Paşinyan yerli telekanallardan birinə müsahibədə bildirib ki, müharibə zamanı Azərbaycana qarşı istifadə etdikləri "İsgəndər” raketləri partlamayıb. Baş nazir dünyada ən güclü silahlardan biri kimi tanınan bu raketin nədən partlmadığını isə deməyib.

Bəs bu cür kütləvi qırğın silahları və müdafiə üçün istifadə edilən raket kompleksləri başqa ölkəyə satılanda onun istifadəyə yarayıb-yaramadığı test edilirmi? Silahı, raketi satan tərəf istədiyi vaxt onu neytrallaşdıra bilirmi? Raketlərin partlamamasının əvvəlcədən Rusiya tərəfindən hazırlandığı mümkündürmü?

Hərbi ekspert, polkovnik Şair Ramaldanov "Yeni Müsavat”a bildirdi ki, Ermənistana verilən "İsgəndər”lər bu raket növünün ilk dəfə istehsal olunan növlərindəndir. Rusiya öz silah anbarlarını yeni növ silahlarla yenilədiyi üçün köhnə silahları Ermənistan kimi dövlətlərə kreditlə verib, hətta məlumatlara görə, Ermənistana pulsuz verib: "Hətta ”İsgəndər"lərin Ermənistana məxsus olub-olmadığı da uzun müddət Rusiyanın hərbi ekspertləri tərəfindən müzakirə edilmiş və məsələyə birmənalı münasibət yox idi. Digər tərəfdən, hər bir silah-sursatın texniki istismar müddəti var. Silah uzun müddətdir istifadə olunmayıbsa, o demək deyil ki, onun üstündə işlənməməlidir. Müəyyən yenilənmələr aparılmalıdır, silahın saxlanması şəraiti xüsusi tələblərə cavab verməlidir. Ermənistandakı həmin "İsgəndər” raketləri ilə bağlı bu tələblərə əməl edilibmi? Bu məlum deyil. Nədən partlamadığını heç Paşinyan da demir. Ola bilsin ki, heç bunu bilmir ki, desin. "İsgəndər”in nədən partlamadığını dəqiq mütəxəssislər bilər. Səbəblər qeyd etdiyim kimi, müxtəlif ola bilər. O da mümkündür ki, Ermənistanda adıçəkilən raketi istifadə edən şəxsi heyətin professionallığı lazımi səviyyədə olmayıb. Bu amil də raketin düzgün istifadə edilməməsi və nəticədə partlamamasında rol oynaya bilər.

Belə bir söhbət də var idi ki, Ermənistandakı "İsgəndər”lərin tətbiqi və istifadə olunmasının icazəsi Rusiyadadır. Bu söhbətin əsası varsa, ola bilsin hansısa mexanizm var ki, Rusiyanın icazəsi olmadan atılan raketin partlaması baş vermir. "İsgəndər” raketləri icazəsiz istifadə olunursa, ola bilsin hansısa mexanizmin işə salınmaması səbəbindən raket ya hədəfə çatmır, ya da partlamır".

Ermənistan baş nazirinin məlum açıqlaması Rusiyanın "İsgəndər” raketlərinin dünyada imicinə, bazarına ciddi zərbə vura bilərmi?

Şair Ramaldanov qeyd etdi ki, 44 günlük Qarabağ müharibəsində onsuz da Rusiya silahlarının, texnikalarının nüfuzuna zərbə dəymədiyini söyləmək mümkün deyil: "Xüsusilə Ermənistanın əlində olan Rusiya silahlarının vəziyyəti 44 günlük müharibədə çılpaqlığı ilə ortaya çıxmış oldu. Bu amil Rusiyanın hərbi sənaye kompleksinə ziyansız ötüşmədi. Silah istehsalçısı olan Rusiyanın silah bazarında mövqelərinə şübhəsiz mənfi təsir etdi. Paşinyanın ”İsgəndər" raketi ilə bağlı dediyi də təsirini göstərə bilər.

Ümumiyyətlə, bu müharibə göstərdi ki, köhnə silah müasir silahların qarşısında acizdir. Yeni silahlara üz tutmaq lazımdır. Yeni silahların tətbiqi müharibədə çox ciddi amildir. İstənilən silah növünün həm də müəyyən saxlama qaydaları olmalıdır. Əgər bu qaydalara əməl olunmursa, hətta "Kalaşnikov” avtomatı da sıradan çıxacaq, hədəfi vurmaqdan yayınacaq və digər problemləri ortaya çıxacaq".

Bəs Paşinyanın "İsgəndər”raketi ilə bağlı açıqlaması Türkiyənin 2 il öncə Rusiyadan aldığı S-400 zenit qurğularının da keyfiyyətini şübhə altına alırmı?

Hərbi ekspert bildirdi ki, S-400 və S-300 raket komplekslərini "İsgəndər”lə müqayisə etmək olmaz: "Azərbaycanda da S-300-lər var. Onlarla bağlı Türkiyədə və Azərbaycanda bütün lazım olan tədbirlər aparılır, qaydalara əməl olunur. Bunları istifadə edən peşəkar heyət var. Türkiyə Ermənistan deyil və bilir nəyi almaq lazımdır. Türkiyədə peşəkarlar var və alınacaq avadanlığın testini aparmadan həmin avadanlıq alınmır. S-400 ”İsgəndər" raketi deyil ki, 40 il bundan əvvəl istehsal olunsun. S-400-lər müasir dövrün silahlarıdır. Rusiyanın hərbi sənaye kompleksi inkişaf etmiş kompleksdir və S-400-lər onun ən müasir silahlarındandır".

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, birincisi, Paşinyan həmin müsahibə ilə keçmiş prezident və hakimiyyətdən devirdiyi Serj Sərkisyanı susdurub: "Sərkisyan bir neçə gün əvvəl böyük səs-küy yaradan müsahibəsində demişdi ki, Paşinyan 44 günlük müharibənin ilk günlərdə vaxtilə Rusiyadan alınan ”İsgəndər" raketlərindən istifadə etməyib və guya məğlubiyyətdə bu amilin rolu olub. Paşinyan isə müsahibəsində deyib ki, müharibənin ilk günlərindəcə həmin "İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə ediblər, ancaq həmin raketlər partlamayıb. Paşinyan cümləsinin sonunda Rusiyaya atmaca atmaqdan da çəkinməyib, deyib ki, bəlkə bu raketlər 80-ci illərdə hazırlanıb?

Paşinyan bu cavabla həm Sərkisyanı susdurub, həm də Rusiyaya mesaj yollayıb ki, Ermənistana köhnə raketlər sırımısız. Belə çıxır ki, Rusiya kasıb vassalından raketlərin pulunu alıb, ancaq göndərdiyi raketlər yararsız olub. Paşinyan başqa ölkələrə də dolayı mesaj göndərib ki, ağlınız olsun, Rusiyadan raket və ya digər hərbi texnika alanda yüz dəfə düşünün. Aydındır ki, Paşinyanın "İsgəndər” raketləri ilə bağlı atmacası Kremlin xoşuna gəlməyəcək. Serj Sərkisyanın da Paşinyanın yarasız raketlər barədə açıqlamasına verə biləcəyi cavab maraq doğurur. Paşinyan onu orduya kifayət qədər diqqət ayırmamaqda ittiham edənlərə başqa mesajını da yollayıb. Deyib ki, hakimiyyətə gəldikdən sonra hərbi büdcəni 23 faiz artırdım".
"Yeni Müsavat”