Gündəm / Səhiyyə

 TƏBİB günahı nazirliyin, nazirlik Operativ Qərargahın üstünə atdı - Naxçıvanda koronavirus müəmması

  TƏBİB günahı nazirliyin, nazirlik Operativ Qərargahın üstünə atdı - Naxçıvanda koronavirus müəmması
 
 
 
 
 
 
 
 

Son günlər Naxçıvanda koronavirusa yoluxma hallarının qeydə alınmadığına dair xəbərlər yayılır.

İddialara görə, Muxtar Respublikada yoluxma qeydə alınmır, məhdudyyətlər yoxdur.

TƏBİB əvvəl açıqladığı statistikada bildirirdi ki, gündəlik yoluxma sayı həm də Naxçıvanı əhatə edir.

Maraqlıdır, indi həmin statistikada Naxçıvanın payı nə qədərdir?

TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Cebhe.info-ya açıqlamasında bildirib ki, bölgələrlə bağlı statistika Səhiyyə Nazirliyinin öhdəliyindədir.

Səhiyyə Nazirliyindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, bölgələrə ümumiyyətlə, TƏBİB baxır. Sonuncu xaric olmaqla isə bütün statistikanı Operativ Qərargah verir.

Operativ Qərargahdan məsələyə münasibət almaq cəhdimiz baş tutmayıb.

Göründüyü kimi, Naxçıvanda virusun hansı səviyyədə olması barədə bu qurumlardan məlumat almaq mümkün olmayıb. Buna görə də, ölkə üzrə açıqlanan statistikaya nəzər salaq.

Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarının ən çox olduğu bölgə Bakıdır-52,2 faiz. Yoluxmanın ən aşağı faizi isə Naxçıvan Muxtar Respublikasının payına düşür - 0,5 faiz. Ancaq burada da gündəlik yoluxma ilə bağlı rəqəmlər əks olunmayıb.

Beləliklə, Naxçıvanda koronavirus müəmması davam edir.