Gündəm / Siyasət

Azərbaycanın Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə verə bilər? - Hüquqşünas RƏYİ

Azərbaycanın Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə verə bilər? - Hüquqşünas RƏYİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
Ermənistan dövlətinin yeritdiyi işğalçı siyasət nəticəsində illərdir ki, günahsız əhali qətlə yetirilir. Yüz minlərlə insan öz yurdlarından didərgin salınıb. Mülki obyektləri atəşə tutan düşmənin Azərbaycan dövlətinə vurduğu maddi ziyanın da həddi-hesabı yoxdur. Azərbaycan bununla bağlı hansı iddialar qaldırmalıdır?

Məsələ ilə bağlı Modern.az-a danışan "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlər beynəlxalq konvensiyalara tamamilə ziddir:

"Azərbaycan dövləti Ermənistan dövlətinin qeyri-qanuni hərəkətləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Azərbaycan dövlətinin torpaqlarını işğal alında saxlaması, vurulan maddi ziyan və insanların qətli məsələləri ilə bağlı bütün sənədlər Avropa Məhkəməsinə təqdim olunub. Məhkmə bu istiqamətdə icraatlar həyata keçirəcək. Vətən müharibəsi zamanı dinc əhalimizin raketlə atəşə tutulması, mülki obyektlərə ziyan vurulması kimi hallar Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən həyata keçirilib. "İsgəndər” və başqa qadağan olunmuş raketlərdən istifadə olunması faktlarını beynəlxalq hüquq təşkilatları da təsdiq ediblər. Ümid edirəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edərək Ermənistana qarşı Azərbaycanın iddiasını təsdiqləyəcək”.

Hüquqşünas Azərbaycanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmə imkanının olmadığını vurğulayıb:

"Bu o səbəbdəndir ki, Azərbaycan və Ermənistan həmin məhkəmənin hüquqi hissəsinə daxil deyil. Belə vəziyyətdə Roma Cinayət Məhkəməsi işlərə baxmaq imkanına malik deyil. BMT-nin Təhlükəsizlik Şurasının xüsusi hərbi tribunal yaratmaq hüququ var. Amma inanmıram ki, orada bu məsələlər baş tutsun. Azərbaycan tərəfi hər zaman bütün dünya ictimaiyyətini məlumatlandırır. Erməni təcavüzü nəticəsində milyonlarla insanın öz yurdunu tərk etməsi, qətlə yetirilməsi və yaxud itkin düşməsi faktları beynəlxaq aləmə çatdırılıb. Bir çox beynəlxalq təşkilatlar erməni faşizmini yerindəcə müşahidə edib”.

Ə.Nuriyev qeyd edib ki, Ermənistanın yeritdiyi terrorçu siyasət nəticəsində beynəlxalq hüquq normalarının pozulduğu hər kəsə aşkardır:

"Güman edirəm ki, məhkəmə kompensasiya ilə bağlı məsələləri meydana çıxaracaq. Açıq-aşkar zərərin hesablanması üçün beynəlxalq məsləhət firmaları Azərbaycana dəvət olunub. Şəhərlərimizin genosidə uğradılması, ekologiyanın darmadağın edilməsi məsələləri araşdırılacaq. On minlərlə eksponatın oğurlanaraq Ermənistana aparılması, o cümlədən kolleksionerlərə satılması bir faktdır. İnsanlıq əleyhinə cinayətlərlə bağlı Azərbaycan dövləti ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb edir, artıq həbs olunanlar var. Bu proses dövlət səviyyəsində davam etdiriləcək”.