Gündəm / Sosial

Şəffaflaşan dövlət qurumları: Əvvəlki problemlərə cavabdeh kimdir? – “Cəza mexanizmi olmalıdır”

Şəffaflaşan dövlət qurumları: Əvvəlki problemlərə cavabdeh kimdir? – “Cəza mexanizmi olmalıdır”
 
 
 
 
 
 
 
 
 
 
 
Dövlət qurumlarının illik hesabatlarında bir sıra maraq doğuran məsələlər yer alır.

Dövlət qurumlarının dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi, gəlirləri və xüsusilə də büdcə qarşısında öhdəliklərin yerinə yetirilməsi məsələsi xüsusi diqqət çəkən məqamlardır.

Hesabatda daha çox diqqət çəkən məsələlərdən biri isə dövlət qurumlarının dövlət büdcəsi qarşısında öhdəliklərinin 100 faizdən yuxarı göstəricilərin açıqlanmasıdır. Məsələn, Vergilər Xidməti büdcə qarşısında öhdəliklərini 102.6 faiz, Dövlət Gömrük Xidməti 103 faiz yerinə yetirib.

Maraqlı məqam ondadır ki, bu əlavə faizlər-ödənişlər necə əldə olunur? Əgər bu şəffaflaşmadırsa, o zaman əvvəl qeyri-şəffaf işləyənlər niyə cəzalandırılmır?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Gömrük Komitəsində və Vergi Xidmətində toplanan vəsait vətəndaşların, hüquqi və fiziki şəxslərin ödədiyi rüsum və vergilərdir:

"Yəni Gömrük Komitəsinin bununla bağlı fəxrlə açıqlama verməsi o deməkdir ki, vətəndaşlar daha çox rüsum ödəyib. Əslində, təşəkkür vətəndaşa düşür. Çünki istənilən halda və ölkədə gömrük rüsumlarının və verginin son ödəyicisi vətəndaşdır. Proqnozlardan əlavə vəsaitlərin toplanması mümkündür. Toplanan vəsaitlərin əvvəlcədən verilən proqnozdan çox olması mümkündür. Bunun şəffaflıqla əlaqəsinin olması da mümkündür, doğurdan da Gömrük Komitəsində və Vergilər Xidmətində şəffaflıqla bağlı müəyyən addım atılır. Amma bundan əvvəlki dövrlərlə bağlı hər hansı bir araşdırmanın aparılmaması suallar doğurur.

Bəs illərdir bu şəffaflıq niyə yox idi? Şəffaflıq yox idisə, bunun günahı kimdədir? Ödənişlərin az olması, vəsaitlərin büdcədən yayındırılması ilə bağlı niyə heç kim cəzalandırılmır?

Bu suallar təbii ki, açıq qalır. Əgər şəffaflıqla bağlı məsələlərin önə çəkilməsi dövlət büdcəsi üçün bu qədər vacibdirsə, digər sahələrdə də eyni yanaşma olmalıdır. O zaman tenderlər niyə şəffaf keçirilmir, dövlət satınalmalırında niyə şəffaflıq yoxdur? Tenderlər niyə çox zaman formal xarakter daşıyır və məmurlara aid şirkətlərin qalib gəldiyinin şahidi oluruq?

Yəni bu məsələlərə kompleks şəkildə baxmaq lazımdır. Şəffaflıq tək gömrük və vergidən ibarət deyil. Ümumi idarəetmə və büdcə xərcləmələri ilə bağlı da problemlər aradan qaldırılmalıdır. Cəza mexanizmi olmalıdır. Son illər məmurların müəyyən problemlərlə bağlı açıq danışmaqlarını görürük. Amma cəza mexanizmlərinin olmaması, növbəti illərdə bu məsələlərin təkrarlanmayacağına zəmanət vermir. Yəni cəzasızlıq mühiti növbəti dəyə eyni problemin yaranmasına səbəb olur”. / dia.az