Gündəm / Sosial

"Onların yaşadıqları evlər it damından artıq deyil" - Dövlət başçısı


"Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da şiddətli döyüşlər gedib. Ordumuz düşməni buradan qovaraq, məhv edərək bu əraziləri də azad etmişdir”.

Bunu Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva və qızları Leyla ilə Laçın rayonuna səfəri zamanı yol boyunca Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışarkən deyib.

Dövlət başçısı qeyd edib ki, düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı: "Çox ağır şəraitdə yaşayıblar. Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü. Belə bərbad yollardan istifadə edirdilər. Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra quraşdırdıq.

Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları. Bu da onların traktorudur.

Bala Soltanlı kəndi. Burada evlərin böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə düşmən qanunsuz məskunlaşma aparmışdı. Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə görə düşmən artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcəkdir. Bizim şanlı ordumuz bax bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. O cümlədən Güləbird kəndi də ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Bura Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı.

Bu da Padar kəndidir.

Qubadlı rayonunun Yusifbəyli kəndi. Bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb. Biz indi Laçın rayonuna gedirik. Laçın rayonunun Güləbird kəndinə. Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq, kəndin inkişafı ilə bağlı təqdimat edildi. Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulması prosesinə start veriləcək. Bu, bərpa ediləcək birinci kənd olacaq. İkinci Ağalı kəndi "ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Eyni zamanda, Birinci və Üçüncü Ağalı kəndlərinə qayıdacaq soydaşlarımız da eyni imkanlardan istifadə edəcəklər.

İndi isə Mərdanlı kəndinə daxil oluruq. Günəş də çıxır, yolumuzu işıqlandırır. Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.

Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri çayıdır. Görün nə gözəl çaydır. Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik.

Artıq Güləbird kəndindəyik. Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə edəcəyik”.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb və çıxış edib.