Gündəm / Sosial

Mikayıl Cabbarovun qılıncının dalı da kəsir, qabağı da... - Onu bu ağır yükdən xilas etməyin yeganə yolu

Mikayıl Cabbarovun qılıncının dalı da kəsir, qabağı da...
Azərbaycan bir çox xüsusiyyətlərinə görə unikal ölkədir. Məsələn, burada iqtidar partiyasının əsas funksionerlərindən biri olaraq illərlə parlamentdə oturan şəxs "məni siyasətə qoşmayın” deyərək jurnalistlərə müraciət edir. Yaxud ölkədə müharibə vəziyyəti olduğu bir zamanda Xarici İşlər naziri evdən işləyir. Nə sirdirsə vəzifədən alınan məmurların milyardlarla sərvəti ortaya çıxır, malı-mülkünü saymaqla bitmir. Əlqərəz məmurlarımız haqqında yazmaqla qurtarmaz. Sözlə deyiləsi deyil, sazla deyiləsidir bu söhbət.

Amma, ölkəmizdə bir məmur var ki, səhər işə Təhsil naziri kimi gedib axşam İqtisadiyyat naziri kimi qayıda bilir. Yaxud naharda SOCAR-ın Müşahidə Şurasının sədri kimi təqdim edildiyi halda gecədən xeyli keçmiş Tarif Şurasının sədri kimi qərarlar qəbul edir. O Sahibkarlığın İnkişafı Fondunu inkişaf etdirir, "Təmiz Şəhər” ASC-nin təmizliyini qoruyur, ölkənin tranzit yükdaşımalarını koordinasiya edir, dayanıqlı inkişafımızı əlaqələndirir, Qarabağ Dirçəliş Fondunu dirçəldir, Badminton Federasiyasına rəhbərlik etməklə idmanımızın inkişafına töhfələr verir. Necə deyərlər, onun qılıncının dalı da kəsir qabağı da, çünki Azərbaycan Qılıncoynatma Federasiyasının da sədridir.

Bəli, düz tapdınız, bu fövqəladə istedada malik olan və hərtərəfli fəaliyyətlə məşğul olan şəxs Mikayıl Cabbarovdur. Onu ən azı 30 titulla təqdim etmək olar. Ölkənin bütün iqtisadi-siyasi sferasını əhatə edən sahələr demək olar ki, onun rəhbərliyi altında birləşdirilib. Verilən məlumatlara görə, Yazıçılar İttifaqında narazılıqlar başlanıb, mədəniyyət işçiləri küsüblər. AFFA-da "af-uf" edənlərin sayı çoxalıb, teatr xadimləri "olum yaxud ölüm” dilemması qarşısında qalıblar. Hamısı da tələb edir ki, niyə bizim idarələrimizə Mikayıl müəllim rəhbərlik eləmir? Deyirlər necə olur ki, cənab Cabbarov Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına, Dövlət Vergilər Xidmətinə, Dövlət Əmlak Xidmətinə , İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, "Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, "Azərlotereya” ASC-yə , Bakı Biznes Mərkəzinə rəhbərlik edə bilir, amma güldən-bülbüldən yazan binəva şairlərə, yaxud "ay canı yanmış” oxuyan sənət adamlarına rəhbərlik edə bilmir? İnsafən adamlar haqlıdır, artıq dünya birliyi də bu haqsızlığa susmamalıdır !

O nazirlər naziridir, amma Baş nazir deyil. Biz hələ xeyli əvvəl onun Baş nazir olmasını təklif etmişdik. İnanırıq ki, heç Əli Əsədov da buna etiraz etməz. Qalır bircə cənab prezidentin bunu rəsmiləşdirməsinə. Çünki belə getsə Mikayıl müəllim özü də bilməyəcək hansı işlə məşğul olacağını. Onu bu qədər ağır yükün altından xilas etməyin yeganə yolu elə Baş nazir təyin olunmasıdır.

P.S. Bir dəfə yüksək dövlət mükafatı alan sənət adamlarından biri rəhmətlik Habil Əliyevə incik səslə deyir ki, məni niyə təbrik eləmirsən, axı medal almışam. Habil müəllim də deyir ki, onlar verirdi verirdi, bəs sən niyə alırdın ?Əl Miki surəsi: "Biz onu şübhəsiz ki, bütün nazir postları üçün göndərdik"

Bunu da elə-belə yazdım ki, bir az da kefiniz açılsın.
NİCAT MAHMUDOV
Rubrika.Az