Gündəm / Sosial

"Mağazalardakı polietilen torbalar ekoloji cəhətdən təmizdir" - AÇIQLAMA


Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi vətəndaşlara satılacaq.

Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq, resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə beynəlxalq təcrübəyə uyğun bir sıra plastik qablaşdırma vasitələrinin istehsalı və istehlakının mərhələli şəkildə azaldılması və eyni zamanda aparılan qiymətləndirmə göstərir ki, beynəlxalq təcrübədə istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edildikdə bu torbalara tələbat 50-60 faiz azalır.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq"ə deyib ki, MDB-yə daxil olan dövlətlərdə polietilen torbaların pulla satışı şərti haldır:

"Sovet dövründə mağazaya gedərkən hər alıcının özünəməxsus torbası olurdu. Həmin zamanda insanlar bir torbadan dəfələrlə istifadə edirdi. Hazırda bir sıra ölkələrdə, o cümlədən MDB dövlətlərində də müştərilər alış-veriş zamanı torbanı pulla alır və onu bir neçə müddət istifadə edir. Mağazalarda satılan bu paketlər ekoloji cəhətdən təmizdir.

Bu, daha çox insanların psixologiyasına hesablanan bir addımdır. Yəni bunun vasitəsilə vətəndaş bir torbadan uzun müddət istifadə edəcək. Nəticədə tullantıların sayı azalacaq. Bu addım ilk növbədə ətraf mühitin qorunmasına öz töhfəsini vermiş olacaq".

Həkim Şahvələd Məmmədov isə məlum mövzuya münasibət bildirərkən qeyd edib ki, polietilen torbaların dəfələrlə istifadə olunması insanların sağlamlığı üçün təhlükəlidir:

"Düşünürəm ki, polietilen torbaların bir dəfədən çox istifadəsi düzgün deyil. Bildiyimiz kimi bir sıra ölkələrdə bu paketlərin satışı qadağan olunub. Bu ölkələrdən biri də qonşu dövlət olan Gürcüstandır. Burada bütün polietilen torbalar yığışdırılıb və əvəzinə kağız torbalardan istifadə edilir. Qadağan olunmasının səbəbi də bu tip torbaların insan sağlamlığı üçün zərərli olmasıdır".