Gündəm / Sosial

“Bu adamların ləyaqəti olsa, dövlətə və xalqa ziyan vurmaz” – Partiya sədri od püskürdü


"Bu insanların çoxu həbsi gözlərinin qarşısına alaraq, korrupsiya əməllərinə əl atırlar. Çünki 3-5 il həbsxanada cəza çəkib çıxdıqdan sonra, taladıqları pullarla xaricdə əsl oliqarx həyatı yaşamağa davam edirlər”.

Bu fikirləri sabiq nazir Səlim Müslümovun həbsini KONKRET.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səsləndirib. Partiya sədri bir sıra maraqlı məqamlara da toxunub. O bildirib ki, məmurların sadəcə həbs edilməsindən dövlət və xalq heç nə qazanmır: "Bu baxımdan cəzalandırmadan daha çox, cinayətin qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Bunun birinci yolu isə ictimai nəzarətin olmasıdır”.

Sərdar Cəlaloğlu: "Öz ailəsini idarəetmə qabiliyyəti olmayan insanların dövlətin idarə edilməsində heç bir faydası ola bilməz”

Partiya sədrinin fikrincə həbs problemdən yeganə çıxış yolu deyil: "Onsuzda məmurların böyük əksəriyyəti həbsi gözünün qarşısına gətirərək cinayətə əl atır. Ona görə də, talançılığın qarşısını almaq lazımdır. Bu adamların ləyaqəti olsa dövlətə və xalqa ziyan vurmaz. Öz ailəsini idarəetmə qabiliyyəti olmayan insanların dövlətin idarə edilməsində heç bir faydası ola bilməz”.

Sərdar Cəlaloğlu bir neçə gün öncə ölkə başçısının bəzi məmurları tənqid etməsi məsələsinə də münasibət bildirib: ”Məmurlar nə qədər uzun müddət hakimiyyətdə qalırsa, onlarda bir o qədər cəzasızlıq düşüncəsi yaranır. Ona görə də heç bir məmur 5 ildən çox vəzifədə qalmamalıdır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, AZAL-ın sədri Cahangir Əsgərov 30 ilə yaxındır vəzifədədir. Ona görə idarəetmədə dəyişiklik edilməsə, hakimiyyətə gələn istənilən məmur qısa müddətdən sonra korrupsiya cinayəti ilə məşğul olacaq”