Gündəm / Sosial

"Məni əməliyyat edən həkim bildirmişdi ki, biz səni bu ağrılardan qurtarmaq üçün yox, iflic vurmasın deyə əməliyyat edirik" - Rüstəm Behrudi


Bir neçə dəfə əməliyyat olunan, lakin səhhəti ilə bağlı problemləri davam edən tanınmış şair Rüstəm Behrudi "Şərq"ə danışıb. Şair zarafatından qalmayaraq deyib ki, Şuşanın dağlarının başı necə dumanlıdırsa, onun başı elə dumanlı, çiskinlidir:
"Keçən il əməliyyat olunmuşam. Həmin əməliyyatın ağrıları hələ də davam edir. Son vaxtlar isə bu ağrılar daha da şiddətlənib. Uzun müddət evdə oturmaqdanmı, işsizlikdənmi bilmirəm, amma çox ağrıyıram.

Hazırda ciddi şəkildə müalicə alıram. Ancaq bu müalicə az təsir edir. Ötən il onurğa sütunumda biri 17, digəri 13 santimetr olan yırtıqlar olduğu üçün əməliyyat olundum.

Yırtıqların ölçüsü olduqca böyük idi. Buna görə də həkimlər ora dəmir qoyub. Fikirləşirəm ki, həmin dəmirlərin təsiri nəticəsində ağrılarım çoxalıb. Məni əməliyyat edən həkim bildirmişdi ki, biz səni bu ağrılardan qurtarmaq üçün yox, iflic vurmasın deyə əməliyyat edirik. Düzü, sevinmişdim, bu sayədə bəlkə ağrılarım da keçər. Amma ağrılarım heç keçmədi. Allaha pənah müalicəni davam etdirirəm".

Şair xüsusilə vurğuladı ki, düşüncələrini yaza bilməmək ona daha çox mənfi təsir edir:

"Məni məyus edən təkcə ağrılarım deyil. Bu ağrıların ucbatından fikirlərimi kağıza tökə bilməməkdir. Bir neçə müddət öncə kitablarım üzərində işləyirdim. Lakin son iki aydır heç nə edə bilmirəm. Həmçinin bu hal da mənə psixoloji cəhətdən təsir edir".

"Şərq" qəzeti olaraq Rüstəm bəyə şəfa diləyirik. İnşallah yaxın zamanda sağlamlığına qovuşar və oxucularını sevindirər.