Gündəm / Siyasət

Azərbaycanda Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılır - FƏRMAN

Azərbaycanda Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılır
Prezident İlham Əliyev "Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında fərman imzalayıb.

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən "Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılsın.

2. "Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

3.1. Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etsin;

3.2. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etsin və qiymətləndirməni aparsın;

3.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün.