Gündəm / Sosial / Təhsil

“Üstü bəzək, altı təzək” təhsilimiz: ödəniş çox, tədris yox - NƏ ETMƏLİ?


2016-cı ildən bəri ödənişli təhsil üzrə qəbul planı və fakültələrin məbləğini Nazirlər Kabineti deyil, universitetlər özləri müəyyən edir. Hazırda Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı 900-4500 manat arasında dəyişir. Bu isə orta statistik azərbaycanlı ailənin büdcəsinə adekvat deyil. İl ərzində universitetlərə qəbul olan tələbələr də yüksək məbləğə görə xaricə üz tuturlar. Son 5 ildə 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub.

Ekspertlər hesab edir ki, hazırda ölkəmizdə fəaliyyət göstərən dövlət universitetlərində illik qiymətlər çox bahadır.

Təhsil haqlarının azalması ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bəzi özəl universitetlərdə ödənişli əsaslarla təhsil almaq olduqca çətindir, çünki ödəniş təxminən 5000-6500 manat miqdarındadır. Region universitetləri istisna olmaqla, dövlət universitetlərinə nəzər yetirsək, 2000-3000 manat təhsil haqqı müşahidə edərik. E.Əfəndi hesab edir ki, dövlət universitetlərində ödənişin yüksək olmasına yanlış qərardır:

"Biz neft, qaz ölkəsiyik. Kəlbəcər də işğaldan azad olundu, orada qızıl yataqları və s. yerləşir. Bu da imkan verir ki, dövlət universitetlərində gəncləri pulsuz təhsillə təmin edək. İstər dövlət, istər özəl universitetlərdə təhsil haqlarının yüksək olması elə vəziyyət yaradır ki, abituriyentlər xarici təhsil müəssisələrinə müraciət edir. Əsasən gedilən ölkələr Türkiyə və Avropa ölkələridir. Türkiyənin dövlət universitetlərində təhsil haqqı bizim valyuta ilə minimal 200 manatdan başlayır, 1500 manata qədər yüksəlir. Azərbaycanda fəaliyyət göstərən özəl kolleclərdə ödəniş haqqı 1000 manat, dövlət kolleclərində isə 500-700 manat arası dəyişir. Bunun üçün təhsil haqlarında endirim etmək vacibdir. Çünki ödənilən təhsil haqqı, təhsilin keyfiyyətindən yüksəkdir. Aldığımız təhsil haqqı ilə keyfiyyət verə bilmirik. Normal təhsil sərgiləyə bilmiriksə, bəzi universitetlərin ödənişi 2500 manata qaldırması mənasızdır. Bununla bağlı qarşıdakı dövrdə mütləq Nazirlər Kabineti təhsil haqlarının azaldılması üçün müvafiq qərar verməlidir”.

İqtisadçı - ekspert Natiq Cəfərli isə düşünür ki, 1 ilə yaxındır dərslərin onlayn olması təhsil haqlarını azaldan faktora çevrildi. Çünki kommunal xərclər azaldılıb, universitetlərin xərcləri də endikcə ödənişli təhsilin qiymətində azalma olmalı idi, təəssüf ki, bunu görmədik:

" Məntiqlə düşünsək, onlayn və oflayn dərslərin qiymətində fərq yaranmalı idi. Əgər təhsil haqları azalsaydı, həm ailələrin və tələbələrin iqtisadi yükü azalmış olardı, həm də sosial məsələ kimi gündəmə gələrdi. Sosial yanaşma ilə hökumətin özü universitetlərlə danışaraq məsələnın həllində rol oynaya bilərdi.

Hökumət özəl universitetlərə birbaşa müdaxilə edə bilməz, lakin güzəştlər təklifi ilə problem aradan qalxa bilərdi. Bəzi ölkələrdə bunun örnəkləri var. Onlayn dərslərin ucuz başa gəldiyini nəzərə alaraq, dövlət dilində təhsil ödənişləri azaldıldı".

N.Cəfərlinin sözlərinə görə, ali təhsilin pulsuz olması, əsasən Şimal Avropa ölkələrində başlayıb. Azərbaycanda ali təhsilli insanların faiz nisbəti çox aşağıdır, inkişaf etmiş ölkələrdə isə daha yüksəkdir:

"Cənubi Koreyada əhalinin 76 faizinin ali təhsili var, Azərbaycanda 20 faizdən bir az yuxarıdır. Bu kifayət qədər ciddi məsələdir. Təhsil haqları ilə bağlı ümumi konsepsiyanın hazırlanmasına ehtiyac var. Addım-addım ali təhsilin dövlət dilində pulsuz olması gündəmə gəlməlidir. Başqa dillərdə tədris ödənişli ola bilər, lakin gələcəkdə dövlət dilində təhsilin pulsuz olmasını qarşımıza məqsəd kimi qoymalıyıq".