Gündəm / Siyasət

BİZİM QƏLƏBƏMİZ, ONLARIN CIĞALLIĞI... – 10 noyabr sazişinin pozulan bəndləri

BİZİM QƏLƏBƏMİZ, ONLARIN CIĞALLIĞI...
Hazırda üç ölkə başçısının 11 yanvar görüşü və onun nəticələri daha çox müzakirə olunsa da, müharibənin başa çatmasını fiksə edən 10 noyabr razılaşmasının şərtlərinin nə dərəcədə yerinə yetirilməsi mövzusu bir qədər diqqətdən kənarda qalır.

Əslində, ilkin baza razılaşması olan bu sənədin bəndlərinin reallaşdırılması səviyyəsi bundan sonrakı siyasi prosesin effektivliyini şərtləndirən əsas amil rolunu oynamalıdır.

10 noyabr sazişinin bəndlərinə baxsaq, görəcəyik ki, demək olar onların hər birinin yerinə yetirilməsində ciddi qüsurlar var. Gəlin diqqət edək:

"1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.”

Məlum olduğu kimi, Azərbaycan tərəfi tam hərbi və psixoloji üstünlüyünə rəğmən, bu şərtə əməl etdi və Xankəndi başda olmaqla, ermənilərin nəzarətindəki ərazilərimizə daxil olmadı. Erməni tərəfi isə əksinə, sazişin imzalanmasından iki həftə sonra yeni "təmas xətti”ni önə çəkməyə çalışaraq, Hadrut istiqamətindəki iki kənddə möhkəmlənməyə çalışdı.

Nəticədə neçə erməni silahlısının məhv edilməsi və ələ keçirilməsi, kəndlərinsə Azərbaycanın nəzarətinə geri qaytarılması məlumdur. Lakin fakt ondan ibarətdir ki, erməni tərəfi sazişin ilk bəndini pozub, özü də rus sülhməramlılarının "burnunun ucunda”.

"2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.”

Ermənilər Ağdamın bir neçə kəndini sonradan apardıqları "inzibati bölgü” əsasında Ağdərənin ərazisinə düşdüyünü iddia edərək, oradan çıxmaq istəmədilər. Nəhayət, çıxmağa məcbur ediləndə də oradakı evləri, mağazaları yandırdılar...

"3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.”

Bəli, Rusiya tez-tələsik öz hərbçilərini qeyd edilən ərazilərə yerləşdirdi. Lakin sülhməramlıların şəxsi heyətinin, eləcə də əraziyə gətirilən hərbi texnikanın sayı ilə bağlı ciddi narahatlıq doğuran məqamlar var.

Belə ki, onların real sayının sənəddə göstərilən rəqəmləri xeyli üstələdiyinə dair məlumatlar mövcuddur. Hətta Rusiyanın Müdafiə naziri özü bölgədə hərəsində 300-dək hərbçinin yerləşə biləcəyi 32 çadır şəhərciyinin quraşdırılacağını rəsmən elan etdi. Bu isə 10 min nəfərədək hərbçi deməkdir. Ümumiyyətlə, rus sülhməramlılarının sayı və hərbi texnikasının miqdarına nəzarət edəcək hər hansı mexanizm yoxdur. Bu işin Rusiyanın şəxsi dürüstlüyünə buraxılması isə mənasız görünür. Odur ki, bu bəndin də poizulduğuna dair demək olar ki, heç bir şübhə yoxdur...

"4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.”

Bu, ən çox mübahisələrə səbəb olan bəndlərdən biri sayılır. Belə ki, ilk olaraq Azərbaycanda hər kəs bunu rus sülhməramlılarının gəlişinə paralel olaraq, erməni hərbi birləşmələrinin bölgədən çıxarılacağı kimi başa düşdü. Lakin praktika göstərdi ki, nəinki qanunsuz erməni birləşmələri ərazidən çıxarıldılar, əksinə, özlərini rahat hiss etməyə başladılar və qısa müddətdə iki dəfə Azərbaycan silahlı qüvvələrinə qarşı qanlı təxribatlar törətdilər. Bununla da razılaşmanın bu bəndi kobud şəkildə pozulmuş oldu. Rus sülhməramlılarının ərazidə qalma müddətinə gəlincə isə, rəsmi Moskvanın və bölgədəki sülhməramlıların davranışlarından belə görünür ki, Rusiya buraya heç də bir beşillik üçün gəlməyib... "

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.”

Söhbət Rusiya ilə Türkiyənin Ağdamda yaratmalı olduğu birgə mərkəzdən gedir. Təəssüf ki, razılaşmanın imzalanmasının üzərindən iki aydan artıq vaxt keçsə də, bu bənd hələ tam reallaşdırılmayıb. Doğrudur, yaxın zamanda mərkəzin fəaliyyətə başlayacağı bildirilsə də, nə onun say tərkibi, nə də funksiyaları Azərbaycan cəmiyyətinin gözləntilərinə uyğun deyil...

"6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.”

Ermənistan və Rusiyanın istəyilə bu rayonların boşaldılması müddəti 10 gün artırıldı. Ermənilərsə bundan həmin ərazilərin təbiətinə, infrastrukturuna, yaşayış fonduna mümkün qədər böyük ziyan vurmaq üçün istifadə etdilər, evləri, meşələri yandırdılar. Laçın dəhlizi boyu ərazidə ermənilərin bir qismi yaşamaqda davam edir və Rusiya tərəfi gedənlərin də oraya qayıtması üçün əlindən gələni əsirgəmir. Baxmayaraq ki, sənədə görə, 3 il ərzində yeni dəhliz tikilməli və bu ərazi boşaldılmalıdır...

"7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.”

Belə görünür ki, bu bənddə xüsusilə sülhməramlıların nəzarətindəki ərazilərə ermənilərin qaytarılması məsələsində "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi” ifadəsinin işlədilməsi mənasızdır. Çünki hər şey Rusiyanın tam nəzarətindədir və oraya qaçqın adı altında kimlərin daşındığını ondan başqa heç kim bilmir. Əvəzində, sülhməramlılar mümkün qədər çoxlu sayda erməninin əraziyə köçürülməsi üçün təmir-bərpa işləri aparır, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün canfəşanlıq göstərir. Vaxtilə bu bölgədə yaşamış azərbaycanlıların Xankəndi, Xocalı başda olmaqla dədə-baba yurdlarına qaytarılması və orada təhlükəsiz yaşamasına dair isə bir kəlmə danışan yoxdur...

"8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.”

Bu bəndin icrasında da ciddi problemlər var. Ermənilərin daha çox hay-küy salmasına baxmayaraq, Azərbaycan tərəfinin də çoxlu sayda itkin düşmüş, həmçinin əsirlikdə qalan vətəndaşları var. Azərbaycan ermənilərin işğaldan azad olunmuş ərazilərimizdə öz meyitlərini axtarması üçün mümkün olan şəraiti yaradıb. Ermənistan tərəfi isə 10 noyabr razılaşmasından sonra bölgəyə gətirilən və Azərbaycanın ələ keçirdiyi diversantların hərbi əsir statusu almasına çalışır. Bu da razılaşmanın sözügedən bəndinə ziddir, çünki söhbət 10 noyabra, yəni müharibə bitənə qədər əsir düşən şəxslərdən gedə bilər...

"9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.”

Ermənistan bu bəndin reallaşdırılmasını əsir saydığı diversantların qaytarılmasına bağlamaq istəyirdi. Lakin 11 yanvar görüşündə buna nail ola bilmədi. Bununla yanaşı, ermənilər Naxçıvanı qərb rayonlıarımızla birləşdirəcək dəhlizə xüsusi status verməkdən yayınırlar. Hansı ki, Azərbaycan Laçın dəhlizi üçün hansı şərtləri qəbul edibsə, əslində eyni şərtlər də Mehri dəhlizinə aid edilməlidir. Doğrudur, razılaşmada bununla bağlı konkret bir şey deyilməsə də, məntiqlə güzəştlər qarşılıqlı və eyni səviyyəli olmalıdır...

Göründüyü kimi, 10 noyabr razılaşmasının özü nə qədər mükəmməl hesab edilə bilərsə, onun icrası da elə buna uyğundur. Ancaq hər halda, bu sənəd Azərbaycanın birmənalı hərbi qələbəsinin etiraf və qəbul edilməsi, həmçinin Qarabağ üzərində suverenliyimizin bərpasına yönəlməsilə olduqca önəmlidir.

Bununla yanaşı, bütün çatışmazlıqlarına rəğmən, bu sənəd gələcək sülh müqaviləsi üçün baza rolunu oynamağa məhkumdur. Ona görə də, Azərbaycan tərəfinin onun hər bəndinin icrası üzərində dirəniş göstərməsi və Ermənistandan onu təftiş etməyə qalxmamasını tələb etməsi başadüşüləndir...

C.Məmmədov

"AzPolitika.info”