Dünya

İsveçrədə əhalinin borclanma səviyyəsi rekord həddə çatıb

İsveçrədə əhalinin borclanma səviyyəsi rekord həddə çatıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsveçrə dünyanın ən varlı ölkələrindən biri olsa da, burada əhalinin borclanma səviyyəsi rekord həddə çatıb.

Kanal14.az AZƏRTAC-a istinadən bildirir ki, ölkə əhalisinin 40 faizi borclanmış ailələrdə yaşayırlar. Tipik borclu şəxs 40 yaşlı, ailəsindən ayrılmış, işini itirmiş və ya xəstəliklə əlaqədar böhran vəziyyətində olan kişilərdən ibarətdir. Ailə dağıldıqdan sonra artıq iki ayrı mənzil təsərrüfatının qayğılarını çəkə, yüksək alimentləri ödəyə bilməyən şəxslər borc girdabına yuvarlanırlar.

Borcun ödənilməməsinə görə İsveçrənin müvafiq icra orqanları ildən-ilə daha çox müsadirələr həyata keçirirlər. 2017-ci ildə icra məmurları məhkəmə qərarları əsasında 1,7 milyon dəfə borclu şəxslərin əmlakı üzərində müsadirə aparıblar.Ölkədə borclanma vəziyyətinə qarşı qanunvericilikdə addımlar atmaq qərarına gələn parlamentdə "Borclarını ödəmək iqtidarında olmayan insanların yenidən iqtisadi həyata dönüşü" adlı qanun layihəsi müzakirəyə çıxarılıb. Layihənin məqsədi borclanmış şəxsləri yenidən iqtisadi cəhətdən gəlirli vəziyyətə gətirmək, onların ödəmə qabiliyyətini yüksəltmək və borcların bir hissəsini ləğv etməklə iqtisadi-sosial durumlarına dövlət tərəfindən yardım göstərməkdir.