Dünya

Trampın güdazına gedənlər - Ağalarovlar və Məmmədovlar nə umurdular, nə buldular...

Trampın güdazına gedənlər - Ağalarovlar və Məmmədovlar nə umurdular, nə buldular...
 
 
 
 
 
 
 
 
 
 Amerika prezidenti Donald Tramp öz ölkəsində mübahisəli fiqur olmaqla yanaşı, Azərbaycanın siyasi həyatında da ilginc izlər qoyub. Xüsusən də bəzi biznes fiqurlarının

Zamanında, yəni cənab Tramp prezident olmadan öncə onunla işgüzar münasibətlərdə olanların başı daha sonra ciddi şəkildə ağrıyıb. Buna səbəb aparılan araşdırmalar, tətbiq edilən sanksiyalar paketi olub.

Azərbaycan əsilli oliqarxlar Araz Ağalarov ("Crocus Group” şirkətinin sahibi və prezidenti), Fərhad Əhmədov ("Aznar” şirkətinin Direktorlar Şurasının sədri), Vahid Ələkbərov ("Lukoil” şirkətinin prezidenti) və Qod Nisanov ("Kiyevskaya Ploşad” holdinqin İdarə Heyətinin sədri) ABŞ-ın sanksiyalar siyahısında yer alıb.

Daha əvvəl ABŞ prezidenti Donald Trampla yaxın dostluq münasibətləri olan Araz Ağalarov və Fərhad Əhmədovun adlarının bu siyahıda yer alması xüsusi maraq doğurub. Araz Ağalarovun oğlu, azərbaycanlı müğənni və iş adamı Emin Ağalarovun bir klipində hətta Donald Tramp rol alıb. E.Ağalarov öz müsahibələrində Trampın özü və övladları ilə dost olduğunu, onların evinə qonaq getdiyini bildirib.

Ümumiyyətlə, Ağalarovların Amerikadakı seçkiöncəsi dövrdə Trampla əlaqələrini təsdiqləyən faktı yenə oğul Tramp açıqlayıb. O, özünün twitter hesabında keçmiş musiqi şərhçisi olan Rob Qoldstounla 2016-cı ilin iyununda apardığı yazışmalarını yayıb. Daha sonra isə məlum olub ki, həmin Qoldstoun Emin Ağalarovun PR meneceridir.

Qoldstounun yazdıqlarından belə məlum olur ki, Ağalarovlar ailəsi Tramplara "Rusiyanın dövlət prokuroru”ndan onlara verilmiş Klinton əleyhinə kompromatlarla tanış olmağı təklif ediblər. Kompromatları isə Tramplara N.Veselnitskaya çatdırmalı imiş. Kiçik Tramp bəyan edir ki, görüş baş tutub, lakin N.Veselnitskaya onlara hansısa kompromat təqdim etmək əvəzinə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından, yetimlər haqqında qanundan danışıb.

Maraqlıdır ki, dünya mətbuatında Ağalarovun əlində Trampa qarşı materialların olduğu, buna görə də onu görüşə razı sala bildiyi iddiaları da yer alır. Dünya mətbuatının yazdığına görə, Ağalarov nəinki D.Trampın köhnə biznes ortağı, həm də Kremlin ən etibarlı oliqarxlarından biridir. Hətta bəzi mənbələr Trampı Putinlə məhz onun tanış etdiyini deyirlər.

Bəs Ağalarovlarla Trampın tanışlığı haradan başlayıb? Mənbələrə görə, tanışlıq Eminin öz klipinə qəhrəman axtarışı ilə başlanıb. Bu axtarışların nəticəsi olaraq "Dünya gözəli - 2012" Eminin klipinə çəkilib, Ağalarovların Trampla dostluğunun əsası qoyulub. Onlar müsabiqənin ”Crocus City" Hallda keçirilməsi barədə 7 milyon dollarlıq razılığa gəldikdən sonra isə Tramp twitter vasitəsilə Putini də tədbirə dəvət edib. Lakin Putini tədbirdə işlər müdiri Vladimir Kojin təmsil edib. Putinin özü isə Trampla telefonla danışıb, daha sonra ona Nyu-Yorka hədiyyə göndərib.

Tramp prezident seçiləndən sonra Ağalarovlarla Tramp ailəsi arasındakı münasibətlər barədə Eminin "Forbes”ə müsahibəsi də xeyli müzakirələrə səbəb olub. Belə ki, həmin müsahibədə Emininin dediyi "İndi-seçilib və qalib gələndən sonra da Tramp öz dostlarını unutmur” cümləsi uzun müddət dünya mətbuatında müzakirə olunub.

Həmin müsahibədən aydın olur ki, Tramp seçki prosesinə qoşulmasaydı, o və atası Rusiyada Tramp qülləsi tikməyə başlayacaqdılar. Lakin Donaldın seçki marafonuna qoşulması planın yarımçıq qalmasına gətirib çıxarıb.

Bundan başqa, Trampın adını daşıyan böyük oğlu, twitter hesabında paylaşdığı şəxsi emaillərdə, musiqi agenti Rob Goldstone-un Azərbaycan əsilli Rusiya milyarderi Araz Ağalarovun Rusiya hökumətindən Hillari Klinton barədə aldığı sənədləri cənab Trampın prezidentlik kampaniyasına dəstək olaraq paylaşmaq istədiyini bildirmişdi...

Azərbaycan-Amerika Alyansının rəhbəri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da Trampla əlaqələri olan azərbaycanlılardandır. O da 2016-cı ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərinin qalibi olan Trampı "Instagram” hesabından təbrik etmişdi. O, Trampın qızı ilə fotosunu paylaşaraq "Əziz dostum, sizi və ailənizi bu tarixi gün münasibətilə təbrik ediəm” yazmışdı.

Amma ABŞ Senatının bir qrup aparıcı üzvü "Tramp Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi "Tramp Tower” göydələninin hansı hesabdan tikilməsinin araşdırılmasını istəyiblər. ABŞ mətbuatında da bu haqda yazılar dərc olunub.

Seçkilərdən əvvəl mətbuatda yazılırdı ki, Azərbaycanda Trampın şəxsi mülkiyyəti sayılan "Tramp Tower” beynəlxalq ticarət markasının adını daşıyan, yeni ABŞ prezidentinin verdiyi lisenziya əsasında tikilmiş yeganə bina məhz Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun şirkətinə aiddir. Hətta həmin vaxt Məmmədovlara yaxın media orqanları yazırdı ki, A.Məmmədovla Trampın illərə dayanan biznes tərəfdaşlığı və şəxsi dostluğu gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək və ABŞ-ın yeni xarici siyasətində Azərbaycanın əməkdaşlıq üçün daha prioritet ölkəyə çevrilməsinə gətirib çıxaracaq.

Hələ Tramp prezident seçilmədən onun A.Məmmədovla əlaqələri Amerika mediası tərəfindən araşdırılıb, kəskin tənqid hədəfi oldu. "The Newsweek”də yazılan məqalədə bildirilirdi ki, maraqlar toqquşması barədə narahatlıq doğuran başqa bir sövdələşmə Azərbaycana aiddir. Trampın maliyyə hesabatlarına görə o, "OT Marks Baku” LLC və "DT Marks Baku Manaaina Member Corp” adlı iki biznes vahidinin prezidentidir.

"The Newsweek”in yazdığına görə, bu sövdələşmə üzrə Trampın partnyoru ölkənin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətində olan "Garant Holding” şirkəti olub. Məqalədə bildirilirdi ki, Amerikanın 2010-cu ildə ictimaiyyətə açılmış diplomatik hesabatlarına görə Birləşmiş Ştatlar Ziya Məmmədovun İran hərbiyyəsi üçün çirkli pulları yumasına dair şübhələr yaradan sənədlərə malikdir...

Amma Tramp prezident seçiləndən hər iki tanınmış biznesmen ABŞ prezidenti ilə olan münasibətlərindən divident əldə etmək əvəzinə, ciddi zərər yaşadılar. Buna səbəb Trampın prezidentliyə namizədlik dönəmində qanunvericiliyə əsasən, bəzi biznes layihələrindən geri çəkilməsi oldu. Seçkidən sonra da başlanan araşdırmalar cənab Trampa öz azərbaycanlı dostlarına sahib çıxmağa mane oldu. Nəticədə Ağalarovların bank hesabına həbs qoyuldu, Məmmədovlar isə ciddi yanlışlıq və fiaskolara görə vəzifə və diaspor sektorundan silindilər, biznesdə isə demək olar ki, izləri qalmadı.(musavat)