Dünya

İran buna razılaşmasa, Moskva İsraili dəstəkləyəcək – TEHRAN HANSI ADDIMI ATACAQ?

İran buna razılaşmasa, Moskva İsraili dəstəkləyəcək – TEHRAN HANSI ADDIMI ATACAQ?
 
 
 
 

 
 

 
 
 

 
 

Hazırda Rusiya İranın Suriyada rolunu zəiflətməyə və bu ölkənin iqtisadi imkanlarından gələcəkdə özünün yararlanmasına çalışır.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Nur-Sultanda keçirilən Suriya üzrə 13-cü beynəlxalq görüş çərçivəsində Rusiya və İran nümayəndə heyətlərinin görüşünə münasibət bildirib. 

Politoloq hesab edir ki, İran Rusiyanın siyasi dəstəyinə görə Suriyada qalıcılığını qoruyur:

"Suriya üzrə Nur-Sultanda keçirilən beynəlxalq görüşdə Rusiya əsas moderatordu. Moskva olmasaydı, ABŞ və Israil İranı Suriyadan çoxdan çıxarmışdı. İran qüvvələrinə çoxsaylı hava hücumları və yerüstü əməliyyatlar reallaşa bilərdi. Rusiyanın İranı Suriyada neytrallaşdırılması mümkündür. Rusiya əsasən İranı iqtisadi və siyasi sferada neytrallaşdırmağa çalışır. İran iqtisadi cəhətdən Suriyanı tam nəzarətdə saxlamağa çalışır. Moskva isə buna imkan verməyəcək. Türkiyə də Suriyada İranın apardığı mübarizədən ciddi narahatdır. Baxmayaraq ki, Rusiya  hər iki tərəfi bir məxrəcə gətirib. Rusiya Türkiyə ilə birgə İranın zəiflədilməsinə  gedəcək”.

M. Əsədullazadə vurğulayıb ki, hazırda İrana qarşı tətqbiq olunan sanksiyalar fonunda Tehranın Suriyada hərbi əməliyyatlar aparması maliyyə cəhətdən zəifləyib:

"Eyni zamanda Suriyada artıq böyükmiqyaslı müharibə də getmir. Ona görə də Qazaxıstanda keçirilən sayca 13-cü iclasda Rusiya Suriya münaqişəsindən əsas geosiyasi maraqlarını tam təmin etməklə, İranı küncə sıxmağı planlaşdırır. Zamanla Rusiya və İranın dəstəklədiyi qruplar arasında Suriyada toqquşmalar olub. Bundan əlavə Əsəd administrasiyasında qüvvələr iki yerə bölünüb. Rusiya və İrana bağlı qruplar siyasi olaraq bir-birləri ilə mübarizə aparırlar. Rusiya belə toplantılarda İranı siyasi cəhətdən Suriyadan uzaqlaşdırmağı planlayır. Çünki, İsraillə Rusiya arasında da gizli danışıqlar gedir”.

Politoloq bildirib ki, artıq İranın Suriyada olması Rusiyaya problemlər yaradır:

"İsrail mütəmadi olaraq Suriyada hərbi uçuşlar həyata keçirir və Suriya ordusu zərbələrə tuş gəlir. Moskva ilə Tehran arasında bundan sonra Suriyadan hərbi qüvvələrin çıxarılması barədə danışıqlar aparılacaq. Tehran Rusiyanın təzyiqləri nəticəsində Suriyadan dəstəklədiyi qüvvələri ilə çıxmağa məcbur ediləcək. Tehran dirənərsə, onda Rusiya İsrailə tam açıq dəstək verəcək. Bununla da İranın Suriyada vurulması mütəmadi hal alacaq. Qazaxıstan görüşü əsasən Rusiya və İran arasında müəyyən məsələlərə aydınlıq gətirəcək”.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda Rusiya, Türkiyə və İrandan olan nümayəndələrin iştirakı ilə Suriya münaqişəsi üzrə toplantı keçirilib./Turkustan.info