Dünya

Ukrayna Rusiya yenidən müharibə ASTANASINDA: Gəmilər atəşə tutuldu, səfirin avtomobili yandırıldı

Ukrayna Rusiya yenidən müharibə ASTANASINDA: Gəmilər atəşə tutuldu, səfirin avtomobili yandırıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ukrayna SQ Hərbi-Dəniz Donanması komandanlığının yaydığı ən son məlumatda bildirilir ki, Rusiyanın hücumu nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.

""Berdyansk” və "Yanı Kapu” zəbt edilib və yedəyə alınıb. "Nikopol” kiçik zirehli artilleriya kateri isə bloklanıb və işğalçı qüvvələrin nəzarəti altında hərəkət edir”, - deyə yeni məlumatda bildirilib.

Unikal.org  xarici KİV-ə istinadən bildirir ki, bu arada FTX rəsmi açıqlama yayaraq, Rusiya sərhədlərini pozan hər 3 gəminin ələ keçirildiyini təsdiqləyib.

Açıqlamada bildirilib ki, hadisə Qara dənizdə, Rusiyanın ərazi sularında baş verib. Rusiya sərhəd xidmətinin və Qara Dəniz Donanmasının tələblərinə baxmayaraq, təhlükəli manevrlər edən Ukrayna gəmilərinə güc tətbiq edilib: "Ukrayna hərbi gəmilərinin dayanması üçün silahdan istifadə edilib. Nəticədə Rusiyanın Qara dənizdəki ərazi sularında 3 Ukrayna gəmisi ələ keçirilib. Yaralanan 3 Ukrayna hərbçisinə tibbi yardım göstərilib, onların həyatı təhlükəsi yoxdur.


Rusiyanın sərhədlərinin pozulması ilə bağlı cinayət işi qaldırılıb".

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, prezident Petro Poroşenko Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı Hərbi Kabinetin təcili toplanmasına qərar verib.

"Saat 22:00-da (Bakı vaxtı ilə gecə yarısı) Poroşenko olayla bağlı Hərbi Kabineti toplayıb”, - məlumatda bildirilib.

Ukrayna Prezident Administrasiyasından isə bildirilib ki, Poroşenko Rusiyanın bu aqressiyası ilə bağlı Böyük Yeddilik və BMT TŞ-nin üzv ölkələrini məlumatlandırıb.

Ukrayna Silahlı Qüvvələri məlumatında isə bildirilir ki, Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Vurğulanır ki, atəş nəticəsində "Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı var.

Virtualaz.org-un məlumatına görə, bu arada Kiyevdə Rusiya Federasiyasının səfirliyi önündə fəalların toplaşması müşahidə edilir.


Artıq onlarla adam səfirlik önündədir. Səfirliyin əsas girişinə avtomobil şinləri də yığılır.

Həmçinin səfirliyin hasarının üstünə kağızdan düzəldilmiş gəmi maketləri qoyulub.

Bildirilir ki, aksiya Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu ilə əlaqədardır.

"Ukrainskaya pravda"nın yaydığı məlumata görə, Ağ rəngli, "DP-001-019" dövlət seriya nömrəli "Volkswagen Jetta" diplomatik missiyanın yaxınlığında yandırılıb. Nəşr bildirib ki, bu dövlət seriyası Rusiyanın diplomatik nümayəndəliklərinin – konsulluqlarının, həmçinin diplomatik personalın üzvlərinin avtomobillərinə aiddir.

Yanğınsöndürənlər alova bürünmüş maşını söndürüblər. Hazırda Kiyev polisi hadisədə əli olanları müəyyənləşdirməyə çalışır.