Cəmiyyət / Sosial

“İmam Hüseynə öz evimdə əzadarlıq edirəm” - Hacı Rahim

Koronavirus səbəbilə yaranan təhlükəli vəziyyətə görə Operativ Qərargah tərəfindən toy və yas mərasimləri, o cümlədən digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.  Məhərrəmlik ayı və Aşura mərasimi də bu dövrə təsadüf edib.

 

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərib. Məhz buna görə, İran kimi dini bir dövlətin məscidlərində belə məhərrəmlik mərasimlərinin qadağan edilməsi təəccüb doğurmur.

Maraqlıdır, bu dövrdə insanlar imamların ruhuna öz ehtiramlarını hansı formada göstərə bilərlər?

Dini məsələlər üzrə ekspert Hacı Rahim Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə qaydalara əməl etmək lazımdır:

"Mənim hünərim çatmaz ki, İmam Hüseynin məclisinin keçirilib-keçirilməməsi ilə bağlı bir şey deyim. Çünki onu birbaşa Allah özü bu vəzifəyə təyin edib. O, şəhidlik zirvəsinə qalxıb. İslam sözünün mənası təslim ol deməkdir. Yəni Allah nə göndərsə, ona tabe olmalısan. İslam bir məntiq dinidir. Biz hazırda qaydalara riayət etməliyik. İslam deyir ki, harada təhlükə varsa, ondan kənarda qalın. Biz təhlükə tərəfdən yox, Allah tərəfdənik. Allah deyəndə gözəlliklər yada düşür. Hər axşam bir məsciddə onlayn İmam Hüseyn əzadarlığı olur, mən də oradayam, amma ondan əlavə öz evimdə gün ərzində öz ailəmlə İmam Hüseynə əzadarlıq saxlayıram. Ehtiram məhz budur, şərt deyil ki, mən kütləvi toplaşılan bir yerdə olum”. 

Məsələnin maddi tərəfinə gəldikdə isə Hacı Rahim diqqətə çatdırıb ki, əgər biz hər gün bişirdiyimiz yeməyi İmam Hüseyn ehsanı etsək, iki-üç qonşumuza bir qab yemək versək, bu, bizim ehtiramımızdır:

"Bu dövr çətin dövrdür, hamı ehtiyat etməlidir. İmam Hüseyn haqq-ədalət, bizim gələcəyimiz üçün şəhid oldu. Biz indi öz gələcəyimizi düşünməyib İmam Hüseyn üçün gedib əzadarlıq edək, amma nəticədə kiməsə ziyan vuraq? Əgər kiməsə bilə-bilə ziyan vururuqsa, bu, doğru deyil”.

(Yenisabah.az)