Cəmiyyət

Paradda qoşun növlərinə kimlər rəhbərlik edirdi - ADLAR

Paradda qoşun növlərinə kimlər rəhbərlik edirdi - ADLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Bu gün Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.

Kanal14.az məlumatına görə, paradda Azərbaycan və Türkiyə dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi.

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edir.

Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçdilər.

Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edirdi.

Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçdilər.

Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəlilədilər. Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edirdi.

Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçdilər.

Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil oldular.

Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi oldu.

Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçdilər.