Təhsil

DİQQƏT! DİM ELAN ETDİ

DİQQƏT! DİM ELAN ETDİDövlət İmtahan Mərkəzi 2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edir.

Kanal14.az bildirir ki, oktyabrın 9-dan 20-dək 2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatı aparılacaq. Qeydiyyat linki sabah gün ərzində aktiv ediləcək.

 

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Müqayisə üçün bildiririk ki, respublikamızda müvafiq xarici dil imtahanlarında iştirak üçün iddiaçılar aşağıdakı məbləğdə ödəniş etməli olurlar: IELTS – 350 manat, TOEFL – 306 manat, TestDaF – 290 manat, DELF – 115 manat, DALF – 130 manat.

Namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələbləri nəzərinizə çatdırırıq.

Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini 2020-ci il oktyabr ayının 13-dən 15-dək olan müddət ərzində hər gün saat 10-dan 17-dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

Xarici dildən imtahanda keçid balını toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.

(Sonxeber.az)