Təhsil

2018-ci ildə Azərbaycan təhsilindəki əsas - Yeniliklər

2018-ci il Azərbaycanda təhsil sahəsində həm ciddi kadr islahatlarının, həm də onun məzmununun və idarə edilməsi strukturunun təkmilləşdirilməsi ilə bağlı atılan addımlarla yadda qaldı.

Kanal14.az Trend-ə istinadən məlumatına görə, təhsil sahəsində kadr təyinatında əsas yenilik yeni təhsil nazirinin və nazir müavinlərinin təyinatı ilə bağlı olub.

Ötən il təhsil nazirinin müavini işləmiş Ceyhun Bayramov təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işləmiş Məhəbbət Vəliyeva, eyni zamanda, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləmiş İdris İsayev təhsil nazirinin müavinləri təyin ediliblər.

2018-ci il ərzində Azərbaycanda təhsil sahəsində bir çox işlər görülsə də, əsas əhəmiyyətli dəyişikliklərin təhsil qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar olduğunu söyləmək olar.

Keçən il ərzində "Təhsil haqqında" qanuna edilən dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Yeni qəbul edilmiş dəyişikliklərə əsasən, beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Yola saldığımız ildə 1-ci sinfə qəbulla bağlı ən böyük problemlərdən biri də həll edilərək 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların 1-ci sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılıb. "Təhsil haqqında” qanuna edilən yeni dəyişikliyə əsasən, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin 1-ci sinfinə heç bir müsabiqə tələb olunmadan qəbul oluna biləcəklər. Qeyd edək ki, bu yenilik 2018-2019-cu tədris ili üzrə I siniflərə qəbul zamanı artıq tətbiq edilib.

2018-ci il ərzində hazırlanan bəzi yeni qanun layihələrində də maraqlı təkliflər öz əksini tapıb və yeni təşəbbüslər ortaya qoyulub.

Nazirlər Kabinetinin təsdiqlədiyi "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” ilə ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib. "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə edilən yeni dəyişikliklər isə ölkədə sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaratmağa imkan verəcək. Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.

Yeni qəbul edilən "Peşə təhsili haqqında” qanunda isə peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur. Bu qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib. Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.

Ötən il "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı olaraq, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da təsdiq edilib. Proqram çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Keçən il, həmçinin qəbul imtahanlarının yeni modeli ilə bağlı ictimaiyyətə daha geniş məlumat verildi. Dövlət İmtahan Mərkəzi elan etdi ki, 2018-2019-cu tədris ilində tam orta təhsili başa vuran məzunlar buraxılış imtahanlarını yeni formatda verəcəklər. Əlavə olaraq ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq. Bu tədris ilində XI sinfi bitirən ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.

2018-ci ildə Azərbaycan Müəllimlərinin XV qurultayı da keçirilib. Hər beş ildən bir keçirilən budəfəki qurultayın iştirakçılarının qəbul etdiyi qətnamədə qeyd edilib ki, müstəqil Azərbaycanın müəllimləri və bütövlükdə təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək.

Ölkədə müəllim peşəsinin nüfuzunun daha da artırılması üçün görülən tədbirlərin nəticəsi olaraq, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb. Bu isə 2014-cü illə müqayisədə 2.3 dəfə artım deməkdir.

Ötən il ilk dəfə olaraq orta təhsil sistemində təmayülləşmənin daha erkən yaşlardan tətbiqi təklifi də təhsil naziri tərəfindən gündəmə gətirilib. C.Bayramov bildirib ki, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq. Bununla bağlı orta təhsil sistemində təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robot texnologiyası, süni intellekt, nanotexnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır.