Sosial / Səhiyyə

Tibb və qeyri-tibb işçilərinə müddətli əlavə ödənilib

Tibb və qeyri-tibb işçilərinə müddətli əlavə ödənilib

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust 2020-ci il tarixli 301 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

İTS-dən Yenisabah.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 34, respublikanın digər şəhər və rayonları üzrə 75 dövlət tibb müəssisəsinin 11424 nəfər tibb işçisinə və 2667 nəfər qeyri-tibb işçisinə avqust ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 17,2 milyon manat müddətli əlavə ödənilib.

Bildirək ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənilməsi aşağıdakı qaydada həyata keçirilib:

1. Tibbi  profilaktik tədbirləri həyata keçirən 2430 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2,0 milyon manat ödənilib.

2. Təcili tibbi yardım xidməti göstərən 3880 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 322 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.7 milyon manat ödənilib.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4792 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7,3 milyon manat ödənilib.

Onu da qeyd edək ki, 2667 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,2 milyon manat müddətli əlavə verilib.

(Yenisabah.az)