kanal14.az
kanal14.az

Azərbaycanlı alimin elmi tədqiqatı nüfuzlu elmi jurnalda dərc edilib

Azərbaycanlı alimin elmi tədqiqatı nüfuzlu elmi jurnalda dərc edilib
12-09-2020, 13:59 35 dəfə baxılıb

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin işemik beyin insultu keçirən xəstələrlə bağlı apardığı araşdırma bu sahə üzrə ixtisaslaşmış nüfuzlu jurnalda elmi tədqiqat kimi qəbul edilib.

Kanal14.az AZƏRTAC-a istinadən xəbər verir ki, elmi tədqiqatın "Journal of Stroke”da (impakt faktor 7,47) çap olunması dünyaca məşhur tibbi ekspertlər tərəfindən rəsmən təsdiqlənib.

Bu, qeyd olunan jurnalın azərbaycanlı alimdən beyinin kəskin işemik insult xəstəliyinin müalicəsi ilə bağlı qəbul etdiyi ilk elmi tədqiqatdır.

Azərbaycanlı həkimin apardığı tədqiqatın ərsəyə gəlməsində isveçrəli və Avropanın müxtəlif inkişaf etmiş ölkələrindən olan dünyaca məşhur alimlər iştirak ediblər.

Tədqiqatda kəskin işemik insultlu xəstələr üçün ilk saatlarda tətbiq edilən əlavə müalicə metodundan bəhs olunur. Bu metodla həmin xəstələrdə müsbət nəticələrin qazanıldığı müəyyən edilir və insultdan ən az nevroloji defisitlə çıxmaq üçün ən səmərəli vasitə olduğu sübut edilir.

Qeyd edək ki, N.Abdullayev hələ 2016-cı ildə Azərbaycanda insult mərkəzlərinin təşkili ilə bağlı fikirlər irəli sürüb. O, bu istiqamətdə ölkəmizdə bir neçə beynəlxalq səviyyəli konqreslər təşkil edib. Bunlardan biri də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr edilmiş II Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu olub.

Xatırladaq ki, N.Abdullayev apardığı digər elmi tədqiqatlarla müasir tibb sahəsində bir sıra yeniliklərə imza atıb. Onun COVID-19-la bağlı apardığı növbəti elmi tədqiqat dünyanın ən nüfuzlu radioloji təşkilatı olan Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib. Həmin tədqiqat noyabr ayından videoformatda keçiriləcək dünyanın ən böyük və nüfuzlu radioloji konqresi üçün elmi məruzə kimi qəbul edilib.

N.Abdullayev virusun öyrənilməsi, xəstəliyin ayrı-ayrı insanlarda dəqiq proqnozu və kliniki gedişi barədə bir neçə elmi tədqiqat işini tamamlayıb. Onlardan biri Avropanın nüfuzlu elmi jurnallarından olan "European Journal of Radiology”a elmi tədqiqat kimi rəsmi olaraq qəbul edilib.

N.Abdullayev həm də COVID-19-la bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA