Sosial

Restorana, şadlıq evinə getməmişdən əvvəl maraqlanın: Yoxsa kababsız qalacaqsınız – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Restorana, şadlıq evinə getməmişdən əvvəl maraqlanın: Yoxsa kababsız qalacaqsınız – NAZİRLİKDƏN XƏBƏRDARLIQ
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən monitorinqdən sonra filtrlərin dəyişdirilməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov ən çox pozuntu hallarının Nizami rayonunda qeydə alındığını deyib. Onun sözlərinə görə, buna səbəb həmin ərazidə olan şadlıq saraylarının sayının çoxluğudur:

"Həmin ərazidə fəaliyyət göstərən "Cənnət”, "Xan bağı”, "Xan sarayı”, "Madonna”, "Milord”, "Hissa”, "Grace Hall”, "Ayla” şadlıq sarayları, "Səhər mehi” və "Kometa” restoranlarında tullantıların miqdarı normadan artıq olub”.

Maraqlıdır, həmin restoranların fəaliyyəti hansı hallarda dayandırıla bilər? 

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, restoranlara filtrlərin təmizlənməsi üçün xəbərdarlıq edilib:

"Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, filtrlərə vaxtında texniki qulluq göstərilmir. Bu səbəbdən son vaxtlar havaya yenidən tüstü və iy-qoxu yayılmağa başlayıb. Nazirliyə daxil olan şikayətlər əsasında restoranlarda yoxlamalar aparılıb. Məlum olub ki, bəzi iaşə obyektlərində təmizləyici qurğuların filtrləri vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tullantılar atılır. İnsanlar restoranlardan çıxan tüstüdən əziyyət çəkirlər. Onlara əməkdaşlarımız tərəfindən filtrlərin təmizlənməsi üçün xəbərdarlıq olunub. Məhərrəm ayı onlara fürsət idi ki, filtrləri təmizləsinlər”. 

İradə İbrahimova vurğulayıb ki, restoranlar xəbərdarlıqdan sonra da heç bir tədbir görməsələr, nazirlik tərəfindən manqalların fəaliyyəti dayandırılacaq:

"Bütün iaşə sahibləri bu məsələyə diqqət etməlidir. Obyekt sahibləri bilsinlər ki, restoranlardan və şadlıq saraylarından havaya atılmalar davam edərsə, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərdəki manqalların fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağıq. Məqsədimiz kimisə cərimələmək və ya fəaliyyətini dayandırmaq deyil, havaya atılan tullantıların qarşısını almaqdır. Yəni hər hansı bir obyektdən atılan tüstünün həddi normadan çox olarsa, manqalların fəaliyyəti dayandırılacaq. Restoran və şadlıq saraylarında toy edən və tədbir keçirən vətəndaşlarımıza çağırış edirik ki, əvvəlcədən restoranda təmizləyici qurğuların olub-olmaması və filtrlərin təmizlənməsi ilə maraqlansınlar ki, xoş günlərində həmin obyektin manqalının fəaliyyətinin dayandırılması kimi xoşagəlməz situasiya ilə rastlaşmasınlar. Qeyd edək ki, təmizləyici qurğuların quraşdırılmasında əsas məqsəd ekologiyanı qorumaq və tüstüdən, iy-qoxudan əziyyət çəkən insanların rahatlığını təmin etməkdir”.