Sosial

Bakıda “özümü öldürəcəm” yenə dəbdə - Psixoloqlardan ilginc xəbərdarlıq

Azad İsazadə: "Nümayiş intiharı var, onun içində protest niyyəti dayanır”

Bir vaxtlar "Koroğlu” metrosunun yaxınlığındakı asma körpü "intihar körpüsü” adlandırılırdı. Bu ona görə beləydi ki, həmin qovşaqdan özünü atmaq cəhdləri bir tendensiyaya çevrilmişdi.

İntihar etmək istəyən körpüyə çıxırdı. Sonra məftillərlə əhatələndi, asayiş üçün mühafizə polisi yerləşdirildi ki, canına qəsdetmə hallarının qarşısı alınsın. Onların əksəriyyəti ölümün pəncəsindən xilas edilirdi. Məlum olur ki, əksəriyyəti üzləşdiyi haqsızlığa etiraz olaraq özünü öldürməyə qalxıb.

Əslində, onların elədikləri intihara cəhddən daha çox sosial etiraza, bir aksiyaya bənzəyirdi. Bəziləri deputat Qənirə Paşayevanı hadisə yerinə səsləyirdi ki, onun sözünü eşidib yuxarı orqanlara çatdırsın.

Son günlərdə Bakıda yenə "özümü öldürəcəm” halları müşahidə olunur. Avqustun 1-də 21 yaşlı gənc özünü dənizə atıb.

Hadisə şahidlərinin sözlərinə görə, onun meyiti ərazidə polis əməkdaşları tərəfindən sahilə çıxarılıb.

Avqustun 3-də 23-26 yaşlı Murad adlı şəxs metronun "20 Yanvar” stansiyasının yaxınlığındakı körpüdən özünü yerə atıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

Aeroport yolunda isə yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin ön oturacağında sərnişin xanım qapını açaraq özünü yola atıb. Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşür və qızı qucağına alaraq avtomobilə qoyur, daha sonra yoluna davam edir.

Avqustun 3-də Əliyeva Tamara Vaqif qızı özünü 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atıb. O, ağır xəsarətlər alıb və ətrafdakıların köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ayın 4-nə də diqqət edək: Bakının 3-cü mikrorayon dairəsi üzərindəki körpüdə kimliyi məlum olmayan şəxs əlindəki bıçaqla özünə xəsarət yetirmək istəyib.

İnsident baş verən əraziyə FHN-nin xüsusi xilasetmə qrupu cəlb olunub. Hadisə səbəbindən sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Avqustun 5-də isə Xaçmazın Ləman kənd sakini, 77 yaşlı Hacıyev Zakir Xəlil oğlu səhər saatlarında yaşadığı evdə bıçaqla bədəninin müxtəlif nahiyələrini, o cümlədən əlini kəsib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti yaxşıdır.

Qeyd etmək lazımdır ki, son dövrlərdə intiharların daha çox sosial problemlərdən yox, şəxsi həyatda olan sıxıntılardan baş verdiyi müşahidə edilir. Nakam məhəbbətlə üzləşən gənclər, həyat yoldaşı ilə yola getməyənlər, dərin əzablar və depressiyada olanlar intihara əl atır.

Necə ki, o dövrdə Hötenin "Gənc Verterin iztirabları” romanını oxuyan hər üç gəncdən ikisi intihara əl atırdı.

Onlar eşqi uğursuzluğa düçar olmuş oxucular idi ki, kitab onları intihara tətikləyirdi. Və sonra romanın satışı qadağan edilmişdi.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov ile ilgili görsel sonucu

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov oxu.az-a deyib ki, intihar risklərinin artması baxımından avqust təhlükəli ay hesab edilir.

"Niyə məhz avqustun olduğunu demək çətindir – bu, mütəxəssislərin müşahidələrinin nəticələridir. İntiharlar üçün ən təhlükəli vaxt səhər saatlarıdır, ən təhlükəli gün isə cümədir”, - psixiatr bildirib. Onun sözlərinə görə, Azərbaycan intiharların sayına görə digər ölkələrdən geri qalır. 2015-2016-cı illərdə son iki illə müqayisədə daha çox intihar törədilib: "Həmin vaxt maliyyə böhranı, banka olan borclar və totalizatorlar (idman mərc oyunları) intiharların artmasına güclü təsir göstərib”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanda hər 100 min nəfərə 4,3 intihar düşür. Bu göstərici Kanadada 15,1, ABŞ-da 21,1, Rusiyada 48,3, Türkiyədə 11,3, Fransada 17,9, İsveçdə isə 15,8-dir.

Psixoloq Azad İsazadə ile ilgili görsel sonucu

Psixoloq Azad İsazadənin "Yeni Müsavat”a bildirdiyinə görə, nümayiş intiharı deyilən özünə qəsd növ var: "Onun içində protest bəndi var. Yəni, nümayiş ölümlə nəticələnmir və konkret bir səbəbə görə canına qıymaq istəyir. Bununla kiməsə intihara meylini göstərməyə can atır. Amma görürsə cəhdin nəticəsi olmur, o zaman nümayiş intiharı reallığa çevrilir və faciə baş verir. Lakin elmi ədəbiyyatda avqustun intiharlar üçün risqli ay olmasının xüsusi izahı yoxdur. Müxtəlif təqdimatlar, şərhlər ola bilər”.

A.İsazadə intiharı depressiyanın zirvəsi sayır: "İnsanlar daha çox payızda ovqatda dəyişiklik hiss edirlər və intiharlar bu dövrə təsadüf olur. Niyə avqustda intihar çox olur, bunu demək çətindir. Ola bilsin ki, bu cür adamlar yayı intizarla gözləyir, düşünür ki, yay gələcək və planlar olacaq. Amma avqust yayın sonudur və həmin insanlar fikirləşir ki, yenə payız yaxınlaşır, heç nə dəyişmədi və bu zaman avqust sonuncu ay təəssüratı yaradır. Belə bir nəzəriyyə var”.

Psixoloq şəxsi həyatla əlaqədar intiharların həmişə eyni səviyyədə qaldığını açıqladı: "Rəqəm eynidir. Amma cəmiyyətdə maddi problemlər çoxalanda intiharın üstünə biri də gəlir.

Onda elə görünür ki, intihar çoxalıb. Məsələn, kredit intiharı artmışdı. Bu dalğa endi. Amma şəxsi problemlər həmişə olur deyə bu səbəbdən intiharların statistikası aşağı düşmür, eyni səviyyədədir”.

İntiharların artmasında medianın rolunun olması ilə razılaşmayan A.İsazadə hesab edir ki, mətbuat intiharın formasında təbliğatçı ola bilər: "Sovet vaxtı da intihar var idi, informasiya az idi. 70-ci illərdə Moskvada intiharla məşğul olan mərkəz yaradılmışdı. Həm müalicə edilirdi, həm də dövlətə intiharlarla bağlı məsləhət verilirdi. Medianın rolu intiharın formasında var. Məsələn, "Koroğlu” körpüsündən biri özünü atdı, başqası mediadan eşitdi və o da körpüdən özünü atmağa cəhd elədi. Bakıda körpü çoxdur, amma konkret bu körpüdən istifadə etdilər. Səddamın edamı da mediada veriləndən sonra o dövrdə özünü asma həmi halları həm Şərqdə, həm Azərbaycanda çoxaldı. Sadəcə, kimsə intihar etmıək fikri ilə yaşayır, amma bilmir ki, hansı yola əl atsın. Bu mənada ədəbiyyat və media təsir edir”./hurriyyet.org