Sosial

"Bu gün heykəl qoyurlarsa, sabah əməli hərəkətə keçəcəklər" - ETİRAZ


Bəşəriyyətə qarşı dəhşətli soyqırımlarla tarixə düşmüş faşistləri "qəhrəman” kimi qələmə verən Ermənistan hökumətinin həyasız davranışları davam etməkdədir. Bir müddət əvvəl Yerevanın mərkəzində qaniçən cəllad Qaregin Njdeyə "abidə” ucaldan ermənilər indi də Azərbaycan torpaqlarında, üstəlik Rusiya sülhməramlılarının nəzarəti altındakı Xocavənddə faşist Njdeyə "heykəl” qoyublar.


Separatçıların bu hərəkəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub. Ələlxüsus, hər fürsətdə faşizmə qarşı kəskin reaksiya ortaya qoyan Rusiyaya məxsus sülhməramlıların bu təxribata göz yumması hiddətə səbəb olmaqla yanaşı, bəzi suallar da doğurub. İstənilən halda birmənalı vurğulanır ki, Xocavənd Azərbaycana məxsusdur və faşist ermənilərin orda qalması müvəqqəti xarakterlidir.

Separatçıların addımını "Şərq”ə təhlil edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bildirib ki, ermənilər faşist Njdeyə "abidə” ucaltmaqla həm Azərbaycan, həm də Rusiya tərəfinə müəyyən mesajlar verməyə çalışırlar. Partiya sədrinin sözlərinə görə, Paşinyan rejimi daha çox qərbyönlü siyasətdə maraqlı olub və Rusiya əleyhinə addımlarla gündəmə gəlib:

"Baş nazirin hakim komandasında SOROS-a qulluq edənlərin təmsil olunduqları sirr deyil. Bu cür təxribatçı addımlarla göstərirlər ki, baxın, "biz Rusiyaya qarşı döyüşmüş "legioner”ə heykəl qoyuruq”. Digər tərəfdən, guya, Yerevanın Qarabağın hazırda ermənilər yaşayan bölgələrinə nəzarət etdiyini, orada "söz sahibi” olduğunu sübut etməyə cəhd edirlər. Həm də separatçı rejimin varlığını üzə çıxarmağa çalışırlar. Ermənilərin heykəl təxribatından öz maraqlarımız üçün istifadə etməli və bu fürsəti maksimum dəyərləndirməliyik. Məlumdur ki, Qarabağın hələlik ermənilər yaşayan hissəsində administrativ sistem qurulmayıb və əhalimiz köçməyib. Şübhəsiz, nəzarəti tam ələ aldıqdan sonra faşistlərə qoyulmuş heykəlləri söküb atacağıq. Çünki rəsmi Bakının icazəsi olmadan torpaqlarımızda görülən istənilən iş qəbuledilməzdir. Digər tərəfdən ermənilərin faşizmə açıq dəstək verdiyini təbliğ etməliyik. Eyni zamanda Rusiya sülhməramlılarına da irad tutmalıyıq ki, bölgədə etnoslararası münasibətləri tənzimləmək əvəzinə ermənilərə humanitar yardım adı altında geniş imkanlar yaradırsınız. Ermənilər də təhlükəli işlərlə məşğul olurlar. Halbuki, dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanın razılığı olmadan heç kim, heç bir qurum Qarabağa gələ bilməz. Əgər hansısa heykəltəraş Ermənistandan Xocavəndə gəlibsə, ciddi qanun pozuntusuna yol verib”.

F.Quliyev vurğulayıb ki, bu cür faktları, iradları toplamalıyıq ki, gələcəkdə sülhməramlılar lazım olmadan birgəyaşayış mümkün olanda, Rusiya silahlı qüvvələrindən Qarabağı tərk etməyi tələb edək:

"Həm də dünyaya mesaj verməliyik ki, əgər Qarabağın bütün hissələrində Azərbaycanın tam nəzarəti olmazsa, burada olan faşist rejimi öz mahiyyətinə uyğun davranış sərgiləyəcək. Bu gün heykəl qoyurlarsa, sabah əməli hərəkətə keçəcəklər. Yəni ermənilərin təxribat xarakterli addımlarından mümkün qədər yararlanmalıyıq. Vacibdir ki, artıq Dövlət Təhlükəsizlik Xidmətimiz, Daxili İşlər Nazirliyimiz həmin bölgədə işə başlasın. Orada hansısa qüvvələrin özbaşına fəaliyyətinə imkan verməməliyik. Araik Arutyunyan və onun tör-töküntüləri haqqında da konkret addımlar atmağın vaxtıdır. Yəni məsələ sadəcə daş parçasının qoyulmasından getmir, zamanı gələndə o "abidə”ni söküb kənara atacağıq”.