Siyasət

Dörd icra başçısı təyinatı-adlar və dosye

Dörd icra başçısı təyinatı-adlar və dosye
 
 
 
 
 
 
 
 
 
 Səbayel və Şamaxı rayonlarına təyin edilən kadrlar bundan əvvəl nazirliklərdə işləyiblər

Prezidenti İlham Əliyev Bakı şəhəri Səbayel Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident Asif Əzizağa oğlu Ağayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. İlham Əliyev A.Ə.Ağayevin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Tahir Nadir oğlu Məmmədov isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bəs yeni icra başçıları kimdir?

Vüqar Zeynalov təyinatadək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. 2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.

2015-ci ilin 28 dekabr tarixindən bu günə kimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, bu ilin yayında Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad edilib.O, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.

Şamaxının sabiq, Beyləqanın yeni icra başçısı Asif Ağayev 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar "ŞelfLahiyəTikinti” İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti” İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat” Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat” Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal” MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ” Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri” İdarəsində tikinti və təmir üzrə rəis müavini vəzifələrində işləyib.

2013-cü ildən Şamaxının icra başçısı idi.

Şamaxının yeni icra başçısı Tahir Məmmədov isə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri işləyib.(musavat)