Siyasət

Rusiya və İranın Qarabağ mövqeyi Bakını qane dir?

Kanal14.az Axar.az-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, dünya birliyinin, xüsusilə yaxın qonşularımızın Azərbaycan Ordusunun işğalçı erməni qoşunlarına endirdiyi əks-zərbəyə reaksiyalarını necə qiymətləndirirsiniz?

- İlk növbədə xalqımızı, Ali Baş Komandanı, zabit və əsgərlərimizi torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə etdiyimiz ilk qələbələr münasibətilə təbrik edirəm. Sualınıza gəldikdə onu deyə bilərəm ki, son aylar Azərbaycan diplomatiyası uğurla beynəlxalq ictimaiyyəti regionda baş verənlər, həmcinin Ermənistanın hücuma hazırlaşdığı və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Azərbaycan Respublikası Prezidentinin BMT Baş Məclisinin 75-ci sesiyasındakı çıxışı son dərəcə təsirli və əhəmiyyətli idi. Birinci vitse-prezident Mehriban xanımın, çoxlarının zamanında başa düşmədiyi, Qərb ölkələrində, Pakistanda apardığı uzunmüddətli humanitar iş bu gün öz müsbət nəticəsini göstərməkdədir. Bu istiqamətdə MM-in sədri Sahibə Qafarovanın Moskvaya səfərini, xüsusilə Rusiya Federasiya Şurasındakı çıxışını da çox yüksək qiymətləndirirəm. Onun Qarabağın tarixi və mövcud vəziyyət barədə rus senatorlarına ünvanlanan çıxışı erməni lobbisinin təsiri altında olan rus ictimaiyyəti üçün bir yenilik idi. Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin yeni rəhbərliyinin səylərini də qeyd etmək lazımdır. Məhz ayr-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla görülmüş işlərin nəticəsidir ki, dünya birliyinin Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətindəki fəaliyyətinə ilkin yanaşmasını pozitiv qiymətləndirmək olar.

Bizim üçün müstəsna əhəmiyyət kəsb edən böyük qonşularımızın münasibətinə gəldikdə isə qardaş Türkiyənin reaksiyasının necə olacağı bəlli idi. Biz qardaş ölkənin cəsur və müdrik lideri Ərdoğana, Çavuşoğluna, Hulusi Akara, Mustafa Şəntopa və bütövlükdə türk hökumətinə, qardaşlarımıza son dərəcə minnətdarıq. Biz qardaş Pakistan Respublikasına da tutduğu ədalətli və prinsipial mövqeyinə görə təşəkker etməliyik. Yaxın qonşularımız və tarixi əlaqələrimiz olan çoxmillətli ölkələr olan Rusiya və İranın ilk bəyənatlarını müsbət qiymətləndirmək olar. Onlar işğalçı ölkəyə dəstək verməyəcəlkləri təqdirdə öz dövlətlərini möhkəmləndirəcək, qonşu Azərbaycan xalqının sevgi və ehtiramını qazanacaq, regionda öz mövqelərini gücləndirəcəklər. Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları heç zaman yaddan çıxarmayacaq. Onların beynəlxalq hüququ müdafiə etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaması hər iki ölkənin beynəlxalq nüfuzunu da artırmış olardı. Hazırda Ordumuzun qarşısında duran əsas vəzifə ondan ibarət olmalıdır ki, qarşıya qoyulmuş vəzifəni qısa müddətdə yerinə yetirsin. Müharibə uzanarsa, ona müdaxilə edənlərin sayı da artacaq.