Siyasət / Cəmiyyət / Dünya / Sosial

Minsk Qrupunda Türkiyənin həmsədrliyi qaçılmaz oldu – təcavüzkara Rusiya – Fransa dəstək tandemini neytrallaşdırmağın tək yolu…

Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib.

Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bugünə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilməklə bugünə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Görünən budur ki, İlham Əliyev beynəlxalq arenada Azrbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Xüsusilə də Azərbaycanın milli marqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır. Dünyanın ən nəhəng ölkəsi olan Rusiyadan məsələnin aydınlaşdırılması və xüsusi izahat tələb olunması buna sübutdur. Rusiyadan Ermənistana silah daşınmasını təsdiq edən kifayət qədər məlumatlar mövcuddur. Məlum olub ki, Tovuz təxribatı zamanı Rusiyadan Ermənistana təyyarə vasitəsilə 7 silah dolu reys edilib. 2 reys iyulun 17-nə, döyüşlərin qızğın vaxtına təsadüf edir. 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində isə bir reys edilib. Silahın daşınması Rusiyanın İL-76 təyyarələri ilə həyata keçirilib. Uçuş trayektoriyası çox dolanbac olub və Rostov- Minvodı-Aktau-Türkmənbaşı-Noşer-Rəşt- Mehri-İrəvan marşrutu üzrə həyata keçirilib. Çox maraqlıdır ki, bu marşrutun uzunluğu 2000 km təşkil edir və uçuş müddəti 3 saat 30 dəqiqə çəkir. Məntiqlə ən asan və tez çatılan marşrut Gürcüstan üzərindən olardı. Bu, cəmi 500 km məsafə və bir saat vaxt edir. Görünən budur ki, rəsmi Tiflis əsl strateji müttəfiq kimi davranaraq, buna icazə verməyib və nəticədə Rusiyaya məxsus təyyarələr üç ölkə – Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə bu qanunsuz silah tranzitini reallaşdırıb. Təbiidir ki, Azərbaycan öz diplomatik kanalları ilə qanunsuz silah daşınması üçün Rusiyaya hava dəhlizi verən ölkələrə də öz etirazını bildirəcək.

Bu, Rusiyanın Ermənistanı gizli yolla silahlandırmasını təsdiq edən ilk fakt deyil. General-mayor Lev Roxlin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxışında bu məsələyə toxunmuşdu . Həmin hadisədən sonra həyata keçirilmiş araşdırmalar bunu təsdiq edən ən mötəbər sübutdur. Bütün faktlar təsdiq edir ki, Rusiya Ermənistanı silahlandırmağa davam etməklə işğalçı ölkəyə birbaşa dəstək verir. Belə silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Görünən budur ki, acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də Rusiya silahları Ermənistana pulsuz verilir. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT MQ-nin həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizliy”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir.

Bir daha sübut olunur ki, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.

Politoloq Qabil Hüseynli "Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya bu məsələdə birmənalı mövqe tutur:"Həm torpaqların işğal edilməsində, həm də problemin həll prosesinin dondurulmasında ən böyük rolu Rusiya oynayıb. Rusiya ənənəvi xristian təəssübkeşliyini önə çəkməklə Ermənistandan bir maşa kimi istifadə edir. Bu dəfə də ənənəsinə sadiq qaldı. Mən əminəm ki, Tovuz hücumunun ideya rəhbəri Rusiya olub. Çünki Azərbaycan Avropa bazarlarına ciddi qaz istehsalçısı kimi daxil olur. Bu ilin axırlarına doğru qaz yataqlarımızdan mavi yanacağın verilməsinə başlanacaq. Təxminən 32 milyard kubmetr həcmində qaz göndəriləcək. TANAP-ın TAP qolu da işə düşüb. Bu məqamda Rusiyanın Ermənistanı Tovuzda təxribata təhrik etməsi təsadüfi deyil. Çünki o, onunla Avropa bazarlarında rəqabət aparan başqa ölkənin inkişafını istəmir. Artıq təsdiqlənir ki, Ermənistana "Tovuzdan hücum et” komandası hardan gəlib. Çünki bizim əsas borular həmin ərazidən keçir. Bununla Rusiya Ermənistan vasitəsilə həmin layihələrə təhdid yaratmaq istəyirdi. Ordumuz qəhrəmancasına döyüşüb, bu işğal planının qarşısını aldı. Türkiyə yaxşı başa düşdü ki, bu işlərin arxasında Rusiya dayanır. Ərdoğanın yaxşı bir sözü var. O, Tovuz hadisələrini nəzərdə tutub deyirdi ki, bu məsələ Ermənistanın boyunu aşar. Burada elə Rusiya nəzərdə tutulurdu. Prezidentin bugünkü telefon danışığı kifayət qədər cəsarətli addımdır. Artıq görünür ki, Azərbaycan proseslərə tam hakimdir və tam müstəqil siyasət həyata keçirir. Rusiyaya tutduğu bu haqsız mövqeyə görə bildirilən etiraz çox doğrudur. Belə bir ölkənin Minsk Qrupunda həmsədr kimi qalması isə yolverilməzdir”.
Təbiidir ki, ortaya qoyulan ciddi faktlar Azərbaycanı haqlı etiraz etməyə vadar edib. Məsələnin maraqlı tərəflərindən biri də bizimlə qonşu olan bəzi müsəlman ölkələrinin Rusiyaya silah daşınması üçün hava dəhlizini verməsidir. Çox güman ki, həmin ölkələrin də ünvanına haqlı etirazlar ediləcək.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirdi ki, Rusiyanın son hərəkətləri MQ həmsədrlərinin fəaliyyətində ədalətli balansın tam pozulduğunu və ya mümkünsüz hala gəldiyini göstərir. Üç həmsədr ölkədən ikisinin – Rusiya və Fransanın Ermənistana və deməli, təcavüzkara açıq hərbi-siyasi dəstək verdiyi aydındır, bu şəraitdə Azərbaycana ədalətli münasibət olacağı mümkünsüzdür. Hadisələr göstərir ki, Türkiyənin MQ həmsədrlərindən biri olmasının vaxtı çatıb. Türkiyə böyük regional beynəlxalq hərbi-siyasi gücə çevrilib, onun Qarabağ probleminin həllinə kənardan baxmasına son qoyulmalıdır.
Minsk Qrupunun təcavüzkar Ermənistana Rusiya-Fransa tandemi formasında açıq dəstək var. Bu, region üçün çox təhlükəlidir. Təcavüzkara Rusiya-Fransa dəstək tandemini neytrallaşdırmağın tək yolu Türkiyəyə həmsədr ölkə statusu verməkdir”.

Məhəmmədəli QƏRİBLİ

(Azinforum.az)