Siyasət

Bakı seçim etməlidir - TƏHLİL

 
 
 

 
 
Vaşinqtonla Pekin arasında ticarət sahəsində savaş hələ Donald Trampın seçki kampaniyası dövründə başlayıb. Tramp mütəmadi şəkildə Çinin ABŞ bazarındakı yüksək payına diqqət çəkib. Onun fikrincə, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir. ABŞ Prezidentinin səbr kasası 2018-ci ilin yanvarında dolub. Hər şey günəş panelləri və paltaryuyan maşınların idxalına vergilərin müvafiq olaraq 30 faiz və 20 faiz artması ilə başlayıb.
İndi isə vəziyyət daha da pisləşib. Hər iki ölkə qarşılıqlı sanksiyalara məruz qalıb, dünya isə qlobal iqtisadi apokalipsisin bir addımlığında dayanıb. İqtisadçılar hazırkı vəziyyəti XX əsrin 30-cu illərinin Böyük Böhranı ilə əlaqələndirib.
ABŞ artıq İrandan neft alınmasına görə Çin şirkətlərinə qarşı yeni sanksiya paketini işə salıb. Həqiqətən problem İrandır, yoxsa İran məsələsi ABŞ-ın Çinə qarşı yeni sanksiyaları üçün bəhanə oldu?
Məsələ ilə bağlı Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev Axar.az-a açıqlama verib. Ekspertin sözlərinə görə, hazırkı məqamda sanksiyaların tətbiq edilməsində hər iki amil rol oynayıb.
Çin-İran iqtisadi əməkdaşlığının İrana qarşı sanksiyaların və Çinə qarşı iqtisadi məhdudiyyətlərin təsirlərinin aradan qaldırılmasında müəyyən rol oynadığını bilən rəsmi Vaşinqton bundan sonra da sözügedən əlaqələrə qarşı çıxacaq. Sanksiyalara baxmayaraq, Çin və İranın iqtisadi əməkdaşlığı davam edəcək”, - ekspert qeyd edib.

Hər iki ölkənin Hindistan və Rusiya kimi aparıcı dövlətlərlə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduğunu bildirən ekspert İran-Çin münasibətlərinin daha da genişlənəcəyini söyləyib:

"ŞƏT-in mövcudluq və inkişafının əsas prinsiplərindən biri üzv dövlətlər arasında başlıca olaraq iqtisadi sahədə əməkdaşlığın genişlənməsi və möhkəmlənməsidir. Çin Avrasiyada qlobal iqtisadi layihələr icra edir. Məsələn "Bir kəmər, bir yol” layihəsi İran üçün də vacibdir. İstiqamətlərdən biri sayılan "İpək yolu iqtisadi qurşağı” məhz Çin-Mərkəzi və Ön Asiya-Fars körfəzi və Aralıq dənizi marşrutundan, daha doğrusu, İrandan da keçir”.

Ekspertin fikrincə, ABŞ-ın İran və Çinə qarşı eyni zamanda sanksiyalar həyata keçirməsinin də əsas səbəbi məhz budur.

"Diqqətinizə çatdırmaq istəyirəm ki, rəsmi Vaşinqton və Pekin aralarındakı qarşıdurma zamanı geoiqtisadi alətlərə əl atır. ABŞ geosiyasi alət kimi sanksiyalardan, Çin isə bütün iştirakçılarının maraqlarına uyğun gələcək qlobal iqtisadi layihələrin hazırlanmasından istifadə edir. Bu mənada sanksiyalar çox zərərli, lakin zəif geosiyasi alət kimi görünür. Bununla belə, alətlər arasındakı fərqlər bumeranqın öz subyektinə qayıdışında təzahür edir. ABŞ-a zərər, Çinə isə siyasi dividendlər və iqtisadi gəlirlər şəklində qayıdır”, - analitik söyləyib.

ABŞ və Çin arasındakı iqtisadi müharibə dünya üçün nə ilə nəticələnə bilər?

"ABŞ-la İran arasındakı iqtisadi müharibə bütün vacib ictimai sahələrdə qlobal dəyişikliklərə gətirəcək. Dünyanın iqtisadi modeli dəyişəcək. Bu prosesi artıq dayandırmaq mümkün deyil. Sanksiyalar ABŞ-ın qlobal iqtisadi modeldəki dəyişiklikləri dayandırmaq cəhdidir. Çünki bu modeldə ABŞ dolları ilə birlikdə aparıcı rol oynaya bilməyəcək. Lakin ABŞ-ın sanksiya təzyiqləri bu dəyişikliyi nəinki dayandırır, əksinə, daha sürətli dəyişikliklərə səbəb olur, ABŞ-ın sanksiya təzyiqlərinə qarşı durmaq üçün mexanizm yaranır”, - Perenciyev bildirib.

Azərbaycanla bağlı danışan ekspert Çinin rəsmi Bakını özünün qlobal iqtisadi layihələrinə cəlb etməkdə maraqlı olduğuna əminliyini ifadə edib.

"Rəsmi Pekin Rusiya, Azərbaycan və İranın iştirakı ilə "Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşdırılmasını diqqətlə izləyir. Çin hesab edir ki, sözügedən regional layihə daha qlobal layihənin – "Bir kəmər, bir yol”un bir hissəsi ola bilər. Buna görə də açıq demək istəyirəm: artıq bitərəflik mümkün olmayacaq. Bu halda rəsmi Bakı özünün dünya iqtisadiyyatında bundan sonrakı iştirakını müəyyən etmək üçün həm Çin, həm də ABŞ-la əməkdaşlığına dair təhlil (məs. SVOT-analiz) aparmalıdır. Şəxsən mən Azərbaycanın Çin və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə münasibətləri inkişaf etdirməsinin, ən azından müşahidəçi dövlət statusunda daha faydalı olacağı mövqeyini dəstəkləyirəm. Ancaq Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin inkişaf perspektivləri mənə çox dumanlı və effektsiz görünür”, - ekspert fikrini tamamlayıb./XeberEkspress