Siyasət / Cəmiyyət

“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert

“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert
 
 
 
 
 
 
Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında sərhəd tam delimitasiya  edilmədiyindən xeyli hissəsi Kəlbəcər rayonu ərazisinə düşən Zod qızıl yatağı ərazisində ermənilər təxribata əl atıblar. Bir sıra erməni "Telegram” kanallarında Azərbaycan hərbçilərinin əraziyə gələrək qızıl mədəninin boşaldılmasını tələb etdiyi yazılır. Erməni tərəfi bu ərazinin bütövlükdə onlara aid olduğunu iddia edir.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan keçirdiyi mətbuat konfransında Zodla bağlı danışıqların artıq Azərbaycan və Rusiya hərbçiləri arasında davam etdiyini bildirib. T. Xaçatryan mədənin bir hissəsinin Ermənistan, digər hissəsinin isə Azərbaycan ərazisinə düşdüyünü vurğulayıb.

Moderator.az xəbər verir ki, bu arada Ermənistan ictimaiyyətində Rusiya sülhməramlılarının məhz Rusiya şirkətinə məxsus olan Zod mədəni məsələsinə müdaxilə etməməsi ilə bağlı suallar baş qaldırıb.

"Johovurd” qəzetinin bu haqda dərc etdiyi materialda xatırladılır ki, "Ermənistanın ən böyük qızıl mədəni”ni "GeoProMining Gold LLC” şirkəti idarə edir. Rus iş adamlarının sahibi olduğu şirkətin ən böyük səhmdarı 2020-ci ilin iyulundan bəri "GeoProMining Gold” səhmlərinin təxminən 96% -nin sahibi olmuş biznesmen Roman Trotsenkodur. Və məlum hadisədən sonra Ermənistanın sərhədləri daxilində niyə belə bir hadisə baş verdiyi, Rusiya sülhməramlılarının harada olduğu, onların hansı səlahiyyətlərə sahib olduqları barədə sual haqlı olaraq ortaya çıxıb”- deyə işğalçı ölkə qəzeti yazır.

Bu arada Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsi rəhbərinin sabiq müavini, keçmiş senator Frans Klintseviç "Johovurd" qəzetinə müsahibəsində diqqətəlayiq bir açıqlama verərək erməni jurnalistləri təxribatda suçlayıb:

"Bu cür danışıqları təxribat hesab edirəm. Rusiya sülhməramlıları Azərbaycan hərbçilərinin bu və ya digər əraziyə girişini qadağan edə bilməz...”

"Onlar kimisə harasa buraxmayacaqlarmı? Təxribatla məşğul olmayın! Bu sahələrə dair razılaşmalar var. Həmin sənədlərdə Rusiya sülhməramlıların nə etməli olduğu ətraflı izah edilir və inanın ki, onlar etməli olduqlarını edirlər" -deyə Rusiya eksperti vurğulayıb.