Siyasət

30 illik boş danışıqlar və Azərbaycan ordusunun yumruğu...

30 illik boş danışıqlar və Azərbaycan ordusunun yumruğu...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Qarabağda yeni eskalasiyanın başlanmasının səbəbləri barədə beynəlxalq səviyyədə müzakirələr davam edir. Kanal14.az bildirir ki, dünyanın məşhur media quruluşları, siyasətçilər, ictimai xadimlər 26 illik atəşkəsin pozaulmasının və sülh danışıqlarının qüvvədən düşməsinin səbəblərini axtarırlar.

Hələ "sentyabr eskalasiyası”ndan əvvəl baş verən proseslər Qarabağda münaqişənin alovlanacağını qaçılmaz edirdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları və addımları müharibəni günbəgün yaxınlaşırdırırdı. Paşinyanın sülh danışıqlarına zərbə vuran "Qarabağ Ermənistandır, nöqtə” bəyanatından sonra qondarma rejimin seçkilər keçirməsi, Şuşada "inaqurasiya mərasimi”nin təşkili, erməni Baş nazirin orada yallı getməsi, Qarabağda qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində terrorçu qrupların bölgəyə yerləşdirilməsi və s. bu kimi addımlar təmkin nümayiş etdirən Bakını adekvat addımlar atmağa təşviq edirdi.

İyulun 12-də tərəflər arasında qısa müddətli bir neçə günlük döyüş baş verdi. Azərbaycan Ordusu Qarabağa daxil olmayan Tovuz rayonunu atəşə tutan Ermənistan silahlı qüvvələrini geri oturtdu. Amma İrəvan təxribatlarına son vermədi. Nəhayət, sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücuma əməliyyatına start verdi.

Azərbaycan Ordusunun hərəkətə keçməsi təkcə Ermənistanın silahlı qüvvələrinin təxribatlarla Bakını hövsələdən çıxarması ilə bağlı deyildi. İrəvan Tovuzu atəşə tutmaqla Qarabağla kifayətlənməyib yeni ərazilər ələ keçirmək niyyətində olduğunu ortaya qoydu. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın buna səssiz yanaşmayacağı gözlənilən idi. Digər tərəfdən, Ermənistan Livan və Yaxın Şərqin digər ölkələrindən terrorçu qrupları Qarabağa yerləşdirməklə bölgəni terror laboratoriyasına çevirmək və Azərbaycanı həmişə təhdid altında saxlamağa çalışırdı. Bütün bunlara son verilməliydi.

Azərbaycan Prezidenti İlham Əliyev də "İnterfaks” agentliyinin bu barədə sualına cavab olaraq Nikol Paşinyanın indiyə qədər əldə olunmuş irəliləyişin üzərindən xətt çəkməsi, öz hərəkətləri, bəyanatları ilə Azərbaycanı Ermənistana rəhbərlik etmiş şəxslərin heç birinin yol vermədiyi təhqirlərə məruz qoymasına toxunub.  Prezident qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi danışıqlar prosesini mümkünsüz edib və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymayıb.

Ermənistanın sülh danışıqlarında səmimi olmadığı "sentyabr eskalasiyası”nda da bir daha aydın oldu. Qarabağda müharibə başlayandan bu günə qədər tərəflər arasında 3 dəfə humanitar atəşkəs barədə razılığa gəlinib. Bu razılaşmalar birinci dəfə Rusiyanın, ikinci dəfə Fransanın, üçüncü dəfə isə ABŞ-ın təşəbbüsü ilə baş tutub. Ermənistan hər 3 atəşkəsi bir gün sonra pozub. Birinci atəşkəsdən sonra Gəncəyə raket ataraq 10, ikinci atəşkəsdən sonra yenə də Gəncəyə raket ataraq 13, üçüncü atəşkəsdən sonra isə Bərdəyə raket ataraq 26 nəfər mülki vətəndaşın ölümünə səbəb olub. Mülki insanları terrora məruz qoyan bir ölkənin özünü danaışıqların tərəfdarı kimi göstərməsi müstəsna həyasızlıq nümunəsi sayıla bilər.

Artıq hərbi müstəvidə məğlub olmasına baxmayaraq İərvanın davranışları göstərir ki, məqsəd heç də sülhün bərqərar olunmasına nail olmaq deyil, əksinə, yeni ərazilər işğal etməkdir.

Azərbaycanın isə bu məsələdə mövqeyi dəyişməzdir. İlham Əliyev "İnterfaks”a müsahibəsində bildirib ki, münaqişənin həlli ilə bağlı hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçid almaq mümkündür.

Prezidentin bu fikirləri həm də tərəfləri döyüşləri dayandırmağa çağıran ATƏT-in Minsk Qrupuna cavabdır. Bu təşkilat 30 il ərzində münaqişənin həllinə heç bir töhvə verməyib. Ermənistanın şıltaqlıqlarına göz yumub. İş o yerə çatlıb ki, İrəvan ATƏT-in Minsk Qrupunun təklif etdiyi "Madrid prinsipləri”ndən imtina edib. Hər halda Ermənistan rəhbərliyinin "Madrid prinsipləri”nə zidd olaraq Dağlıq Qarabağın müstəqilliyinin tanınmasında israr etməsi Paşinyan və komandasının bu qurumla hesablaşmadığını ortaya qoyur.

Digər tərəfdən, Minsk Qrupunun həmsədr ölkələrinin problemə yanaşması da ürəkaçan deyil. Həmsədr ölkələr sanki Qarabağda nüfuz uğrunda mübarizə aparırlar. Beləliklə də münaqişənin nizamlanması illərlə uzanır.

Bakı Minsk Qrupunun fəaliyyətindən o qədər də razı deyil. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də toxunaraq deyib ki, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması istiqamətində müəyyən cəhdlər görsə də, səmərəlilik, nəticəlilik baxımından özünü doğrultmayıb.

Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi.

(Yenisabah.az)