Siyasət

Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA

Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Yunanıstan dövlətinin Azərbaycandakı səfirini geri çağırmasının ardından, Azərbaycan da Yunanıstandakı səfirini geri çağırıb. Buna əsas səbəb Yunanıstanın işğalçı Ermənistana silah yardımı etməsi, siyasi dəstək nümayiş etdirməsidir.

Hazırda iki ölkə arasında diplomatik münasibətlər aktiv deyil.

Bəs Azərbaycanla Yunanıstan arasında mövcud olan parlament əlaqələri öz işini davam etdirirmi?

Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəhruz Məhərrəmov Metbuat.az-a bildirib ki, diplomatik münasibətləri gərgin olan iki ölkənin parlamenti arasında da münasibətlər eyni cürdür:

"Digər istiqamətlərdə münasibətlərimizin səviyyəsi necədirsə, parlamentlərarası münasibətlər də o səviyyəsindədir. Azərbaycan və Yunanıstan parlamentlərarası işçi qrupları arasında təmas bu günə kimi alınmayıb. Yalnız orada 2 türk həmkarımz var ki, onlarla fərdi qaydada ilkin danışıqlarımız olub. Bu da tanışlıq xarakteri daşıyıb. Ümumilikdə isə Yunanıstan tərəfi bu məsələdə xüsusi maraq, həvəs və diqqət göstərmir”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, parlament qanunlara əməl edir:

"Parlament və icra hakimiyyəti hakimiyyətin qollarıdır. Bizim kimi ölkələrdə normalda hər ikisi vahid fraksiyada dövlətçiliyin möhkəmləndirilməsinə, beynəlxalq hüququn prinsiplərinə və daxili qanunvericiliyimzə uyğun dövlətin ali məqsədlərinə xidmət etməyə yönəlib. Bu baxımdan parlament başqa mövqe, icra hakimiyyəti isə başqa mövqe göstərə bilməz. Mövqelərimiz eynidir”.

Qrup rəhbəri gələcəkdə iki ölkənin parlament əlaqələrinin bitəcəyi barədə ehtimala da münasibət bildirib:

"Əgər qarşılıqlı həvəs və maraq olacaqsa, Yunanıstan tərəfi konstruktiv mövqe tutaraq BMT qətnamələrinə hörmətlə yanaşacaqsa, biz də parlamentlərarası əlaqələri davam etdirəcəyik. Əksi olaraq, ərazi bütövlüyümüzə hörmətsizlik görəriksə, münasibətlərin davam etdirilməsindən söhbət gedə bilməz. Azərbaycanın xarici siyasətini prezident müəyyənləşdirir. Bu baxımdan cənab prezidentin və dövlətimizin sonrakı addımları parlament səviyyəsində də bizim üçün yol xəritəsi olacaq”.