İqtisadiyyat

Azərbaycanda əkin sahələrinin məhsuldarlığı 30,7 sentner təşkil edib

Azərbaycanda əkin sahələrinin məhsuldarlığı 30,7 sentner təşkil edib

Bu il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 968,1 min hektar sahənin 944,4 min hektarı və yaxud 97,6%-i biçilərək məhsulu yığılıb.  Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, sahələrdən 2903,6 min ton məhsul toplanıb, məhsuldarlıq 30,7 sentnerə bərabər olub. Məhsulun 1860,2 min tonunu və yaxud 64,1%-ni buğda, 1018,7 min tonunu (35,1%-ni) arpa, 24,7 min tonunu (0,8%-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Respublikanın 30 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 25 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90%-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90%-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,1 sentner), Saatlı (müvafiq olaraq 41,6), Sabirabad (41,3), Samux (40,1), Ağdam (40,1), Tərtər (39,6), Salyan (39,6), İmişli (39,1), Tovuz (38,4) və Ağcabədi (37,2) rayonlarında olub.  

 

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki şəhərində (199,9 min ton), Cəlilabad (176,6 min ton), Kürdəmir (128,0 min ton), Neftçala (123,8 min ton), Füzuli (118,0 min ton), Ağsu (113,7 min ton), Ağcabədi (105,5 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (118,0 min ton) müşahidə olunub.