İqtisadiyyat

Azərbaycanda 6 ay ərzində sənaye məhsulu istehsalının həcmi açıqlanıb

Azərbaycanda 6 ay ərzində sənaye məhsulu istehsalının həcmi açıqlanıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında 18,4 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilib.

Kanal14.az Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata əsasən bildirir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artıb.

Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda, 32,1 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 14,9 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 12,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5 faiz artıb.