İqtisadiyyat / Cəmiyyət

Azərbaycanda taxıl biçini: arpa sərf eləmir, amma buğdada işlər pis deyil

Hazırda Azərbaycanda taxıl biçini mövsümüdür. Kənd Təsərrüfatı Nazirliyinin iyunun 20-nə olan məlumatına görə, artıq taxıl sahələrinin 35,9 faizində biçin başa çatıb.

Kanal14.az bildirir ki, Virtualaz.org ölkədə taxıl istehsalı ilə bağlı vəziyyəti və koronavirus pandemiyasının taxılçılığa təsirini öyrənib. Bəlli olub ki, builki mövsümdə arpa istehsalının artacağı, buğda istehsalının isə ötənilki səviyyədə olacağı proqnozlaşdırılır. Bununla belə,  Azərbaycanın əsas idxal mənbəyi olan Qara dəniz ölkələrində məhsuldarlıq yüksək olacaq, təbii ki, qiymət də aşağı düşəcək.

Məhsuldarlıq necədir?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, iyunun 20-nədək biçini başa çatmış 362716,6 hektar sahədən 1126943 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,1 sentner, o cümlədən arpa üzrə 30,3, buğda üzrə 32,9 sentner təşkil edib. Hazırda 36 rayonda taxıl biçini davam edir. "Biçin prosesi əsasən Aran bölgəsində, qismənsə dağətəyi rayonların aran hissəsində aparılır. Bugünədək ən yüksək məhsuldarlıq Sabirabad rayonunda qeydə aparılıb. Bu il 1010208 hektar sahədə payızlıq taxın əkin aparılıb. Biçin prosesindən ümumilikdə, 1700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulub”,- Hüseynov deyib.

Onun sözlərinə görə, istehsalla bağlı hələlik proqnoz söyləmək tezdir. Qeyd edək ki,  ötən il  taxıl istehsalı 3.54 milyon ton olub.

Fermer: "Su problemimiz oldu”

Saatlıdan olan fermer Gəray Qəniyev bildirib ki, 30 ildir taxıl istehsalı ilə məşğul olur, özünün texnikası var. Texnikası olmayan fermerlərə də dövlət yardım edir. "Taxıl biçininə yenicə başlamışıq. Arpa biçini isə başa çatıb. Bu il məhsuldarlıq yüksək olacaq. Doğrudur, bu günlərdə leysan yağdı, bu, biraz təsir etdi. Lakin bundan sonrakı yağışların qorxusu yoxdu”,- fermer deyib.

Onun sözlərinə görə, bir hektarda arpa əkini 350-400 manata başa gəlir. "Belə izah edim, hektarda 4 ton biçilərsə və 30 qəpikdən satılarsa fermer artıq qazanc götürmüş olur. Buğda sahəsindən 1000 manatadək qazanc götürmək mümkündür.  Arpada isə 150-200 manat  qazanc olur. Hazırda arpanın qiyməti 30-35 qəpikdir, bu isə bütün fermerləri qane edir”,-o bildirib. Fermer əlavə edib ki, suvarma ilə bağlı problem mövcuddur, sudan korluq çəkirlər.

Qəniyev onu da deyib ki, Saatlıda virusa kütləvi yoluxma ilə bağlı eşitməyib. Buna baxmayaraq, sahələrdə sosial məsafənin qorunmasına əməl edirlir, maska taxırlar: "Maşınlar sahədədir, cəm 2-3 nəfər var, amma tibbi maska taxırlar. Martda tətbiq edilən karantinin də bizim rayonda taxılın məhsuldarlığa heç bir təsiri olmayıb”.

Yağıntılar məhsuldarlığa təsir edir

Bunu isə Ağdaşdan olan fermer bildirib. Əlavə edib ki,  bu il yağıntılara görə arpanın məhsuldarlığı yüksək olmayıb: "Ötən il bundan yaxşı idi. Bizdə arpada məhsuldarlıq yüksək olmadı. Demək olar ki, xərci borcunu güclə ödəyəcək.  Buğda istehsalında isə vəziyyət yaxşıdır”.

Fermer əlavə edib ki, builki mövsümdə texnika və suvarma cəhətdən problemləri olmayıb. Amma hava əlverişli olmayıb.  "Arpa hazırda 34-40 qəpiyədir, buğda arpadan 10 qəpik bahadır. Yığım başaçatandan sonra xərc-borc məsələsindən danışa bilərik”,-fermer deyib və əlavə edib ki, sərt karantin günlərində belə işləri dayanmayıb.

Arpa istehsalı azalır, buğda isə…

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə isə bildirib ki, builki mövsümdə arpa istehsalında artım proqnozlaşdırılır, əkin sahələri də artıb. Buğdanın isə əkin sahələri azalıb: "Quraqlığa görə bir çox sahələrdə səpinlər effekt vermədi və arpa ilə əvəz olundu. Amma buğda istehsalı ötənilki səviyyədən aşağı olmayacaq. Hər il buğda əkinlərində istifadə olunan gübrə və pestisidlər genişləndirilir. Eləcə də  fermerlər daha təkmil aqrotexniki normalar tətbiq edirlər. Buna görə də buğdada məhsuldarlığın,  yəni bir hektardan əldə olunan məhsulun həcmində artım gözləyirik. Amma bu il bu artımın çox olacağını proqnozlaşdırmırıq. Quraqlıqdan yaranan problemlərə görə ümumi gözləntilər keçən ilki səviyyədə olacaq”.

Suvarma və daha nələr…

Mərkəz rəhbəri deyib ki, qlobal istiləşmə və bunun nəticəsində su resurslarının azalması var: "Ikincisi isə melorasiya sistemlərinin modenləşdirilməsi istiqamətində görülən işlər hələ başa çatmayıb. Dövlət hər il  vəsait ayrılır, yeni su anbarları tikilir. Məsələn, Taxta Körpü, Şəmkirçay su anbarları tikilib, yeni su kanalları çəkilib. Amma suvarma, melorasiya sisteminin lazımi səviyyəyə çatdırılması işləri  tamamlanmayıb. Yəni işlər davam etdirilir, lakin  görülən işlərin miqyası hələlik tələb olunan ehtiyaclara uyğun deyil. Bu işlər mərhələ-mərhələ dövlət tərəfindən həyata keçirilir”.

Bəllidir ki, ölkənin ərzaq buğdasına olan təlabatının bir hissəsi idxal hesabına ödənilir. F.Fikrətzadə pandemiya səbəbindən buğda təminatı ilə bağlı problemin yaranıb-yaranmayacağı sualını da cavablandırıb. Bildirib ki,  bu il qlobal buğda istehsalının həcmi 674 milyon tondan  678 milyon tona yüksələcək. "Yəni növbəti 1-2 ay ərzində buğda biçini olacaq. Yığılan buğdanın həcminin ilin sonunda qalan hissəsinin yeni mövsüm başlayana qədər istifadə olunan istehlaka nisbəti 40 faizə yüksələcək. Hansı ki bu göstərici 35-38 faiz səviyyəsində olub. Bu il  qlobal ehtiyatların istehlaka nisbəti yüksək olacaq”,-mərkəz rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın əsas idxal mənbəyi olan Qara dəniz ölkələrində, yəni Rusiya, Qazaxıstan, Ukraynada istesalın və ixracın 2 faiz artımı proqnozlaşdırılır. Xüsusilə Rusiyada məhsuldarlıq daha yüksək olacaq: "Rusiyanın iyulun 1-nə kimi tətbiq etdiyi qadağa  başa çatandan sonra sahibkarlar imzaladıqları müqavilələrə uyğun olaraq lazım qədər buğda alacaqlar. Üstəlik bu il məhsuldarlıq yüksək olduğundan qiymət aşağı olacaq. Yəni buiki mövsümdə dünya miqyasında buğdanın qiyməti artmayacaq”.