İqtisadiyyat

Maaş artımı və bahalığın yeni dalğası: “Oktyabr ayından etibarən…” – Natiq Cəfərli

Maaş artımı və bahalığın yeni dalğası: “Oktyabr ayından etibarən…” – Natiq Cəfərli
 
 
 

 

 
 
 

 
 
 

"Hər il noyabr ayından başlayaraq, kənd təsərrüfatı sahəsində istehsal olunan yerli məhsulların bazardan çəkilməsi müşahidə olunur”.

Kanal14.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra sahələrdə işləyənlərin maaşlarının müxtəlif hədlərdə artırılması haqda qərarın sentyabrın 1-dən etibarən, qüvvəyə minməsinin istehlak bazarında qiymətlərə mümkün təsirini dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, noyabr ayından etibarən, kənd təsərrüfatı məhsullarında qiymət artımı sürətlənəcək. Yeni il ərəfəsində isə qiymət artımı daha da geniş vüsət alacaq: "Minimum əməkhaqqının artımı normal olaraq, bazar iştirakçıları arasında bahalaşma ilə bağlı müəyyən gözləntilər yaradır. Bu gözləntilərə təsir edən müəyyən səbəblər var. Hər il noyabr ayından başlayaraq, bazarda yerli kənd təsərrüfatı məhsullarının payında azalma müşahidə olunur. Bunun səbəbi soyuducu sisteminin olmaması, yayda istehsal edilmiş məhsulların saxlanilması ilə bağlı problemlərin mövcudluğudur. Eyni zamanda, hökumət də daha çox ixraca meyllənir. İxracatın artması müsbət cəhət olsa da, istehsal bu tendensiyaya adekvat şəkildə tənzimlənmir. Ona görə də, daxili bazarda kənd təsərrüfatı məhsullarının həcmi azalır”.

İqtisadçının fikrincə, qiymət artımını inzibati yolla nizamlamaq doğru deyil: "Çünki dövlətin birbaşa bazara müdaxilə edərək, qiymətləri tənzimləməsi heç vaxt effektli olmayıb. Lakin dövlətin dolayı yolla qiymətlərə təsir etmək imkanları var. Bu sıraya təşviq proqramlarının daha da genişləndirilməsi, bazarda rəqabət mühitinin formalaşdırılması və idxalda müəyyən inhisarçılıq meyllərinin tamamilə aradan qaldırılması daxildir. Həmçinin, bazarda iştirakçı sayının artırılması və ölkəyə daha çox məhsulların gətirilməsinə şərait yaradılması zəruridir”.

Minimum əməkhaqqı artımının yoxsulluq səviyyəsinə göstərəcəyi təsirə toxunan Cəfərli bildirib ki, bu ilin sonuna qədər yaşayış minimumu və yoxsulluq səviyyəsi ilə bağlı yeni qərarların qəbul olunacağı gözlənilir:

"Çünki minimum əməkhaqqı və təqaüdlərin artırılması yaşayış minimumu ilə bağlı artım zərurətini artıq gündəmə gətirib. Əsas məsələ odur ki, yoxsulluq səviyyəsinin hesablanmasına yönəlik qaydalar dəyişdirilməlidir. Yəni mövcud indiqatorlar çox köhnəlib və hesablanma qaydasında primitiv üsullardan istifadə olunur. Azərbaycanda avtomatlaşdırılmış indiqatorlara keçidə ehtiyac var”. İqtisadçı hazırkı inflyasiyanın faktik səviyyəsinin rəsmi proqnozlara uyğunluğuna da toxunub. Onun fikrincə, indiki rəsmi göstəricilər hədəflərə uyğun olsa da, açıqlanan rəqəmlərin reallığı əks etdirdiyi ciddi şübhə doğurur:

"Azərbaycanda rəsmi inflyasiya rəqəmləri ilə vətəndaşların istehlak bazarlarında gördüyü real vəziyyət arasında kəskin təzadlar var. Hazırda rəsmi olaraq, infilyasiya rəqəmləri çox aşağı göstərilir. Hətta iyul ayında qiymətlərin 0.8% aşağı düşdüyü bildirildi. Lakin vətəndaşlar bu göstəriciyə inanmır. Təəssüf ki, bizim alternativ hesablama aparmaq üsullarımız da yoxdur”.

Qeyd edək ki, prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılıb.