İqtisadiyyat

Turizmin durumu: yeni rəqəmlər, köhnə problemlər (TƏHLİL)

Turizmin durumu: yeni rəqəmlər, köhnə problemlər (TƏHLİL)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

2019-cu ilin 6 ayında ölkədən gedən turistlərin sayı ölkəyə gələnlərin sayından təxminən 1 milyon nəfər çox olub. 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Belə ki, statistikaya görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çoxdur. 2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2540,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, turizm statistikası çox mürəkkəb məsələdir və Azərbaycanda düzgün aparılmır: "Bu sahədə keçirilən mötəbər tədbirlərdə iştirak edirəm və müşahidələrim onu deməyə əsas verir ki, bizdə hələ də bilmirlər turist nədir, əcnəbi vətəndaş nədir. Əcnəbi vətəndaşla turist məfhumlarını qarışdırırlar. Turistin beynəlxalq səviyyədə tərifi var. Dünya Turizm Təşkilatı bunu göstərir: ölkədə 24 saatdan artıq qalan, dincəlməyə, istirahətə gələn, ölkədə pul xərcləyən insanlar tursitlərdir. Bizim ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlərin əcnəbi işçiləri turist sayılmır. Onlar əksinə, bizdən pulu qazanıb öz ölkələrinə göndərirlər. Daha da dərinə getsək, başqa məqamları da qeyd etmək olar. Ona görə də mən arzu edərdim turizmlə məşğul olan bəzi yoldaşlar turist və əcnəbi vətəndaş terminlərini ayıra bilsinlər. Digər tərəfdən, həmin mütəxəssislər yataq yeri ilə mehmanxana nömrə fondunu da qarışdırırlar. Bu, onun göstəricisidir ki, həmin yoldaşlar bu sistemi çox zəif bilirlər. Dünya otel sistemində yataq yeri yox, nömrə fondu əsas götürülür. Yataq yeri xəstəxanalarda, pansionatlarda, sanatoriyalarda sayılır. Bunları deməkdə məqsədim odur ki, bu incəlikləri nəzərə almadan düzgün statistika ala bilmərik”.
Həmsöhbətimizin fikrincə, statistika düzgün aparılarsa, aydın olar ki, Azərbaycandan gedən vətəndaşların 50 faizindən çoxu müalicə məqsədilə gedir ölkədən: "Məsələn, Ukraynanın Truskaves bölgəsinə nəzər salsanız görərsiniz ki, orada müalicə alanların 80 faizi Azərbaycandan gələnlərdir. Eləcə də digər müalicə bölgələrində olanların çoxu bizim həmvətənlərimizdir. Yəni, müalicə turizminə gedənlərin sayı get-gedə çoxalır. Təbii ki, gəzməyə də gedənlər var. Onların da bir çoxu çimərlik məqsədilə Türkiyənin müvafiq bölgələrinə üz tuturlar. Türkiyənin çimərlik turizmi Avropada birinci yerlərdən birini tutur. Həm təmizliyinə, həm təhlükəsizliyinə görə. Sözsüz ki, sadəcə gəzməyə gedənlər də var. Bütün bunlara rəğmən Azərbaycandan gedənlərin sayının çox olması normal hesab edilə bilər”. 

Ölkəmizə gələn turistlərin sayındakı cüzi artım burada keçirilən beynəlxalq yarışların hesabınadır. M.Ağakərimov da hesab edir ki, ard-arda keçirilən idman yarışları bu sahədə artıma səbəb olub: "Bu, gələcəkdə bir trampilin rolunu oynayır. İndi gələnlər gedib öz ölkələrində Azərbaycanı təbliğ edəcəklər və biz ümidvarıq ki, gələcəkdə ölkəmizə gələn turistlərin sayı çox olacaq”.
Mütəxəssisin sözlərinə görə, turizm sahəsində xidmətin zəif olması aktual olaraq qalır. Eyni zamanda qiymətlər də bahadır: "15-20 il əvvəl Azərbaycanda getmə turizminin payı həddən artıq çox idi. Vətəndaşlarımız sovetlər dönəmində qapalı şəraitdə yaşatırdılar, sərhədlər açılandan sonra başqa ölkələri görmə istəyi yarandı insanlarda. Artıq son 10 ildə gəlmə turizmi daha çoxdur. Bununla bərabər daxili turizm də inkişaf mərhələsinə qədəm qoyub. İnsanlar müxtəlif bölgələrimizdə istirahət edirlər. Lakin bu o demək deyil ki, turizmin bütün sahələrində vəziyyət idealdır. İlk öncə qeyd edim ki, şimal-qərb bölgəsində qiymətlər həddən artıq bahadır. Oralara nisbətən Nabran, Quba-Qusarda və cənub zonasında qiymətlər ucuzdur. Təbii ki, qiymət siyasəti düzgün aparılmır. Alınan qiymət xidmətə uyğun olmur, çox zaman müştərilər narazı qalır. Mən çox təəssüflə qeyd edim ki, Turizm peşə məktəblərində hazırlanan kadrların səviyyəsi yetərincə deyil. Ola bilər kəmiyyət göstəriciləri yaxşıdır, amma keyfiyyət çox aşağıdır. Sahibkarlar maarifləndirilməlidir, menecerlər treninqlərə cəlb olunmalıdır. Birgünlük qazanc məqsədinə qulluq etməklə turizmi inkişaf etdirmək olmaz. Xidmət qiymətə uyğun olmalıdır. Bir daha təəssüflə qeyd edirəm ki, bu istiqamətdə çox acınacaqlı vəziyyət hökm sürür. Mən sizi inandırım ki, bu sahəyə rəhbərlik edən şəxslər özləri də çox zəifdirlər, ümumiyyətlə bu sahənin adamları deyillər. Onlar başa düşsələr ki, bugünkü yaxşı xidmət sabah daha çox qazanc deməkdir, öz işlərində dönüş yaradarlar. Bunun üçün isə aidiyyatı qurumlar onları maarifləndirməlidirlər”.

Turizm üzrə ekspert Fəxriyyə Abdullayevanın sözlərinə görə, Azərbaycanda turist sayının azalmasını, daha doğrusu, gözləntilərə rəğmən az olmasını bir neçə səbəblə izah etmək olar. Bunlardan ən birincisi, bu sektorda qiymətlərin həddindən artıq baha olması və bunun müqabilində keyfiyyətsiz və məhdud çeşidli xidmətin təqdim olunmasıdır: "Bizim xidmət sektorunda absurd bir fikir formalaşıb ki, turistə sadəcə qazanc mənbəyi kimi baxmaq lazımdır. Yəni obyektin qapısından içəri daxil olan qonağı mümkün qədər çox soymaq. 
Digər yandan, turistlər arasında ayrı-seçkilik qoyulması başqa bir problemdir. Ərəb turistlərə sosial şəbəkələrdə, mətbuatda deyilməyən təhqir qalmadı ki, pintidilər, arvadbazdılar, mədəniyyətsizdilər… Əgər turizm sahəsini inkişaf etdirmək, ondan gəlir götürmək istəyirsənsə, müxtəlif ölkələrdən gələn turistlərə də onların xarakterindən asılı olmayaraq normal davranmağı bacarmalısan. Bəyəm, bizim vətəndaşlar xaricə gedəndə hamısı özünü normal aparmağı bacarırmı? Təbii ki, yox. Amma getdikləri ölkədə nə təhqirlə, nə də neqativ münasibətlə qarşılaşmırlar. Təxminən 3-4il əvvəl İran vətəndaşlarının xüsusilə Novruz tətili günlərində ölkəmizə kütləvi axını müşahidə olunurdu. Daha sonra BƏƏ-də Azərbaycan Turizm Assosiasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın rəsmi turizm nümayəndəliyi yaradıldı. Aparılan təbliğat öz nəticəsini verdi və ərəb turistlərin Bakıya və bölgələrimizə axını yarand. Bəs indi haradadırlar o turistlər? Turizmi inkişaf etdirməyin yeganə düsturu budur ki, turist gəldiyi ölkədə elə xidmət görməlidir ki, növbəti ildə nəinki ailəsi ilə, hətta qohumları, dostları ilə birlikdə yenidən gəlsin. Bizdə turisti elə günə qoyurlar ki, pul tapıb ölkəsinə qayıtdığına sevinir”.

F.Abdullayevanın sözlərinə görə, Gürcüstan-Rusiya münasibətləri kəskinləşdikdə, Rusiya prezidenti öz vətındaşlarına bu ölkəyə səfər etməyi qadağan etdi, lakin Azərbaycan turizmi bu fürsətdən yararlana bilmədi: "Əgər bizdə xidmət və qiymət bir-birinə uyğun olsaydı, rusiyalı turistlərin əksəriyyətini ölkəmizə cəlb edə bilərdik. Amma buna nail ola bilmədik, çünki artıq onlarda belə bir rəy formalaşıb ki, Azərbaycan bahalı ölkədir. Halbuki bizim həm təbiətimiz, həm tarixi abidələrimiz, xüsusilə zəngin mətbəximiz, müasir standartlara uyğun infrastrukturumuz buna imkan verirdi. Bu ilin əvvəlindən Azərbaycan paytaxtı neçə-neçə nüfuzlu beynəlxalq tıdbirlərə ev sahibliyi edib. Artıq 4-cü dəfə keçirilən "Formula 1” Bakı qran-prisi, 5-ci dəfə baş tutan Mədəniyyıtlərarası Dialoq Forumu, mayın 29-da Bakıda reallaşan Avropa Çempionatının final oyunları, UNESCO-nun İcraiyyə Komitəsinin 49-cu sessiyası, hazırda davam edən gənclərin Olimpiya idman festivalı və bu kimi tədbirlərin hamısı potensial turizm təbliğatıdır. Dövlət bu istiqamətdə üzərinə düşəni artıqlaması ilə edir. Qalır turizmçilərin bundan faydalana bilməsi. Onun üçün də ilk növbədə, yuxarıda da qeyd etdiyim kimi, turistlərə baxışımızı və bu baxışın formalaşdırdığı münasibəti dəyişməliyik. Hələ bunlar bu ilin cəmi 6 ayında keçirilən tədbirlərdir, hansı ki, belə bir statistikanı ortaya çıxarıb. İndi görün bu tədbirlər olmasaydı, onda hansı rəqəmləri görə bilərdik”.
Həmsöhbətimizin fikrincə, geopolitik vəziyyətin də mövcud duruma təsiri var: "Xüsusilə ABŞ sanksiyalarının təsiri ilə İranda yaranmış iqtisadi böhran da bu ölkənin vətəndaşlarının səfər imkanlarını məhdudlaşdırır. Amma bu, təkcə bir ölkədən gələn turist sayına təsir edir, bəs digərləri? Deməli, problemi özümüzdə axtarmalıyıq, çarəni də özümüz tapmalıyıq”. (Qaynarinfo)